Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclər Siyasəti" ilə bağlı maarifləndirici seminar

18 noyabr 2021 | 16:00

Masallı Gənclər Evi sosial xidmət müəssisənin təşkilatçılığı və Dəfinə Məktəb Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə "Gənclər Siyasəti" ilə bağlı maarifləndirici seminar keçirildi.

Əvvəlcə tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Dəfinə məktəb liseyinin əməkdar tarix müəllimi Əhməd Məmmədov açaraq Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir.

Tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.

1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

Tədbirdə Masallı Gənclər Evinin təlimçi və psixoloqu Ramal Şükürov çıxış edərək bildirmişdir ki, 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.

2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.

Masallı Gənclər Evinin dərnək rəhbəri Əfsanə Kərimova çıxış edərək qeyd etmişdir ki, Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir.

Sonda gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Keçidlər