Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı” mövzusunda tədbir

18 noyabr 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “17 noyabr - Milli Dirçəliş günü” ilə əlaqədar Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 saylı tam orta məktəbdə “Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilən tədbirdə Mərkəzin əməkdaşları, Məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Mərkəzin direktoru Dilbər İbayeva əlamətdar gün münasibəti ilə toplaşan kollektiv və şagirdləri təbrik edərək 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olduğunu qeyd edib. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandığını vurğulayan D. İbayeva bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs miras qoyduğunu bildirib.

Daha sonra Mərkəzin bələdçisi Şəfa Xəlilova mühazirə ilə çıxış edərək Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilməkdədir.

Sonda “Zəfər qoxulu dirçəliş” mövzusunda hazırlanmış videoçarxa baxış keçirilib.

Keçidlər