Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

13 yanvar 2016 | 16:00

13 yanvar 2016-cı il tarixdə Masallı rayonu Şərəfə kənd “Kəndimiz” şadlıq sarayında Masallı rayon İcra hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxsahəli islahatlar dövlətin qüdrətini gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırmışdır.
      Həqiqət naminə deməliyik ki, doğma Masallımız  da son  illərdə öz şanlı tarixinə şərəfli səhifələr yazmışdır. Rayonun iqtisadiyyatı yüksəlmiş, bütün sahələrdə böyük işlər görülmüşdür.
     Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik mərkəzi Şərəfə kəndi olmaqla Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir, ərazisi 1147 hektar, əhalinin sayı 4251 nəfər, təsərrüfatların sayı 1307  olmaqla  956  yaşayış  evi  vardır.
       Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmuşdur. Görülən işlər illik və rüblük iş  planlarına əsasən müəyyən edilmiş müddətlərdə həyata keçirilmişdir.
       “Dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydaları haqqında” təlimata və iş nomonkulaturasına uyğun olaraq nümayəndəlikdə qeydiyyat kitabları və sənədlərin  saxlanması üçün qovluqlar açılmışdır.       Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2015-ci ildə 53 sərəncam və 11 əmr verilmişdir. Sərəncamların mövcud təlimatlara uyğun tərtib olunmasına ciddi fikir verilmiş və onların icrasına ardıcıl nəzarət edilmişdir. Sərəncamlar əsasən əhalini narahat edən problemlər, ərazinin sosial-iqtisadi inkişafı, təhsil, səhiyyə, abadlıq, tarixi günlər, milli  bayramların ərazidə keçirilməsi ilə əlaqədar olmuşdur.
     “Ailə” Məcəlləsinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılmışdır. Hesabat ilində ərazi nümayəndəliyində 56 doğum, 21 nikah, 17 ölüm faktı qeydə alınmışdır. Nikah qeydiyyatında müddət pozğunluğuna yol verilməmiş, nikaha girənlər tərəfindən rüsum haqları vaxtında ödənilmişdir.
     Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü demək olar ki, mütəmadi tədbirlər həyata keçirilir, bu mövzuda məktəblərdə, ictimaiyyət arasında söhbətlər aparılmış, yığıncaqlar keçirilmişdir. Bunun nəticəsidir ki, ötən il erkən nigahlar olmamışdır.
     Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir. ”Təhsil Qanunu”-dan irəli gələn vəzifələrin yerinə yetirilməsi nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır. 
     Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir. Şəhid Qəhrəman İsmayılovun adını daşıyan Şərəfə tam orta məktəbində 585 şagirdin təlim tərbiyəsi ilə 59 müəllim məşğul olur. Tam əminliklə demək olar ki, şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. 2015-ci ildə 25 şagird 11-ci sinfi bitirmiş, onlardan 9 məzunumuz ali məktəblərə, 5 nəfər məzunumuz isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bir məzunumuz isə 661 bal toplamışdır. Məktəbin qışa hazırlığı üçün müəyyən təmir işləri görülmüş, yanacaq tədarük olunmuşdur. Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin təhsilə qayğısının təzahürüdür. Şagirdlərimiz vətənə məhəbbət, millətimizə sədaqət ruhunda tərbiyə olunur.
      Ərazimizdə fəaliyyət göstərən Şərəfə həkim məntəqəsi günün tələbləri səviyyəsində fəaliyyət göstərir. 2014-cü ilin may ayında Şərəfə kənd həkim məntəqəsi yeni tikilmiş binaya köçmüşlər. Bu tibb ocağında 16 nəfər həkim və tibb bacıları çalışır. Onlar vaxtı-vaxtında xəstələri dispanser uçotuna alır, profilaktik tədbirləri aparır, məktəblilərin sağlamlıqlarını yoxlayır, yoluxucu xəstəlikləri vaxtında aşkar edib qarşısını layiqincə alırlar. Ötən il Şərəfə həkim məntəqəsi tərəfindən 350 uşaq peyvənd olunmuşdur.          Ərazimizdə üç qrupdan ibarət bir uşaq bağçası  fəaliyyət göstərir. Uşaq bağçasının fəaliyyəti qənaətbəxşdir. Belə ki, uşaqların davamiyyəti, onların isti yeməklə təmin olunması, istirahətlərinin düzgün keçirilməsi, təlim-tərbiyəsi günün tələbləri səviyyəsindədir. Bağçada uşaqların qayğısına qalmaq üçün demək olar ki, bütün avadanlıqlar alınmışdır. Lakin bu təlim ocağının əsaslı təmirə ehtiyacı var.
     Ərazimizdə 1 mədəniyyət evi, 1 kitabxana  fəaliyyət göstərir. Mədəniyyət evində 4 nəfər, kitabxanada 2 nəfər işləyir. Kəndimizin mədəniyyət evində fəaliyyət göstərən “Həcər” halay ansamblı öz fəaliyyəti ilə nəinki rayonumuzda o, cümlədən Respublikada öz sözünü demişdir. Lakin kəndimizin mədəniyyət evinin hal-hazırki vəziyyəti çox pisdir. Təcili olaraq təmirə ehtiyacı vardır. 
      Kitabxanaya mütəmadi olaraq yeni kitablar daxil olunmuşdur. Kitabxana fəaliyyətinin yaxşılaşdırılması üçün ərazi nümayəndəliyin daim diqqət mərkəzində olmuşdur.    
   Vaxtı ilə ərazinin əvvəllər əsas problemlərindən olan əraziyə elektrik enerjisi və təbii qazın verilməsi problemi demək olar ki, həll edilmişdir. Ərazidə 900 elektrik enerjisi abunəçisi və 768 nəfər qaz abonenti var. Bütün evlərə elektrik və qaz sayğacları quraşdırılmışdır. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, ərazidə olan elektrik dirəklərinin  vəziyyəti qənaətbəxş deyildir. Düzdür Şərəfə bələdiyyəsi tərəfindən bir neçə elektrik dirəyinin dəyişdirilməsinə nail olunub, ancaq bu azdır.
    Ərazidə 830 nömrəli 32 ATS fəaliyyət göstərir. 350 internet istifadəçisi vardır. Orada 4 nəfər işləyir. Demək olar ki, ərazidə telefon problemi yoxdur.
       Respublikamızda aparılmış aqrar islahatı zamanı bizim ərazimizdə də torpaq sahələri kənd sakinlərinə adambaşına 0.22 ha və 0.08 ha. olmaqla pay torpağı kimi verilmişdir. Hal-hazırda ərazi sakinləri 320 ha. buğda, 10 hektar arpa, 60 ha. vələmir ,65 ha. yonca əkilmişdir.
          Dövlətimiz son zamanlar dünyada baş verən və hazırda davam edən iqtisadi böhranla əlaqədar kənd təsərrüfatı sektorunun inkişafına xüsusi önəm verir. Bu məqsədlə dövlətimiz
kənd təsərrüfatı bitkilərinin xüsusi ilə buğda, arpa, şəkər çuğunduru və digər bitkilərin əkilməsi üçün güzəştli şərtlərlə yanacaq və motor yağları, hər hektar üçün 90 manat pul yardımı verir.                  
        Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Əhalinin xüsusi mülkiyyətində 1428 baş iri buynuzlu, 2588 baş xırda buynuzlu mal-qara vardır. Ərazidə 4 maldarlıq ferması fəaliyyət göstərir. Bundan başqa 2 süd qəbulu məntəqəsi vardır.
       Ərazidə sahibkarlığın inkişafına da qayğı və diqqət göstərilir. Hazırda 8 mağaza, iki şadlıq sarayı, 3 çay evi, 4 məişət obyekti əhaliyə xidmət göstərir. Bundan başqa kəndin arxasında 7.5 hektar yerdə sahibkar tərəfindən pomidor parniki tikilmiş, orada kənd sakinlərindən bir qrupu işlə təmin olunmuşlar. Bundan başqa kənd sakini sahibkar tərəfindən 2 hektar çiyələk əkilmişdir ki ,il boyu orada 4 nəfər daimi işləyəcək.
        Ərazimizdə Dövlət pensiya təminatı ilə əhatə olunmuş 657 nəfər pensiyaçı var. 5 şəhid ailəsi, 15 Qarabağ müharibəsi veteranı, 8 tənha qoca vardır. ƏSMM-in rayon şöbəsinin sosial xidmət işçiləri tərəfindən tənha qocaların məişət qayğıları daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti ,Bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən ötən il Dövlət bayramları ərəfəsində bu kateqoriyalı insanlara bayram sovqatı verilmişdir.
Gənclərin hərbi xidmətə hazırlanması və yola salınması, ümumilikdə hərbi vətənpərvərlik sahəsində ərazimizdə ardıcıl iş aparılır. Belə ki, kəndin bir qrup ağsaqqalı, bələdiyyə və ərazi nümayəndəliyin təşəbbüsü ilə ərazimizdən hərbi xidmətə gedən gənc hərbi çağırışçılarla görüş keçirilmiş, onlara bu işdə uğurlar arzulanmış və hərbi xidmətə lazım olan bütün əşyalar alınaraq hədiyyə olunmuşdur. Bununla  əlaqədar  yeniyetmələrlə  o, cümlədən çağırış yaşlı  gənclərlə Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi iştirakçılarının görüşləri təşkil edilir. Qarabağ müharibəsində qəhrəmancasına  şəhid   olan   igid   oğlanlarımızın   keçdiyi həyat    yoluna  nəzər  salınır, onların  cəbhədə  göstərdiyi şücaətdən   bəhs olunur. Hər ilin yanvarın  20-də şəhid Qəhrəman İsmayılovun anım gününü kənd sakinləri və ziyalıları tərəfindən tən-tənəli surətdə qeyd olunur.  Məktəbimizi 20 il bundan qabaq qurtarmış məzunların öz vəsaitləri hesabına  kənd tam orta məktəbin həyətində, Şəhidlər abidəsinin qarşısına 100 kvadrat metr sahəyə piltə döşəmişlər.
            Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  ərazidəki ağsaqqallar, ziyalılar və fəalların gücündən istifadə etməklə işlərimizi səmərəli təşkil etmək üçün ardıcıl iş aparır.
         Ötən ildə ərazimizdə bir çox işlər görülmüşdür. Belə ki, Şərəfə və Agakişibəyli kəndlərinin mərkəzindən keçən 4.3 km su kanalı təmizlənmişdir.
Şərəfə kənd tam orta məktəb binası cari təmir olunmuşdur. Belə ki, məktəbin dam örtüyü dəyişdirilmiş, 25 ədəb pəncərə yeni plastik pəncərə ilə əvəz olunmuşdur. Şərəfə kəndinin mərkəzindən keçən asfalt yolda cari təmir işləri aparılmış, 7.2 km. kənd arası yollara çınqıl döşənmişdir. Ərazidə 450 ədəd ağac əkilərək dəmir məftillə çəpərə salınmışdır. Yüksək gərginlikli elektrik xətlərinə toxunan ağaclar budanıb.
     Mən görülən işlərdən və nailiyyətlərimizdən danışdım. Bu uğurlarımızla yanaşı nöqsanlarımızda vardır. Belə ki, ərazimizdə qanunsuz tikililərə qarşı aparılan mübarizə günün tələbləri səviyyəsində deyil. Son vaxtlar bu barədə tərəfimizdən ciddi iş aparılır, belə ki, bu öz nəticəsini göstərdi. 23 vətəndaş öz həyətyanı torpaq sahəsini bələdiyyəyə müraciət edərək sənədləşdirdi.
         2015-ci ildə gördüyümüz işlər barədə məlumat verildi, lakin ərazidə görəcəyimiz işlər daha da çoxdur. Belə ki, kənd uşaq bağçasını günün tələbləri səviyyəsində təmir etmək, məktəbin istilik sistemini bərpa etmək, çürümüş, vaxtı keçmiş elektrik dirəklərinin yeniləri ilə əvəz etmək, kəndin yeni salınmış məhəllələrinə təbii qazın çəkilməsi görəcəyimiz işlərin sırasındadır.
       Ərazimizin insanları dövlətimizə sədaqətli insanlardır. Bütün dövlət əhəmiyyətli tədbirlərdə, referendum və seçkilərdə əhalimiz Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müdafiə edir və onu uğurla davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər. 01 noyabr 2015-ci ildə keçirilmiş Parlament seçkilərində ərazinin vətəndaşları aktiv iştirak etmişlər. Seçicilərin əksəriyyəti YAP-ın namizədinə səs vermişlər. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün Şərəfə ərazi nümayəndəsi də öz üzərinə düşən vəzifələri bacarıqla yerinə yetirmiş, seçki məntəqələrinə müvafiq yerlərin ayrılması, otaqların texniki təchizatı, abadlığı və səliqə sahman yaradılması işlərində ərazidə fəaliyyət göstərən 26 saylı Şərəfə və 27 saylı Ağakişibəyli kənd seçki məntəqələrinə bütün köməklikləri etmişdir.
İcazə verin sizi əmin edim ki, bundan sonra da Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini  “Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin tələbləri səviyyəsində quracaq, verdiyiniz tapşırıq və sərəncamları vaxtında yerinə yetirəcəyik.

Keçidlər