Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Ziya Zahid oğlu Gözəlovun anım mərasimi

22 noyabr 2021 | 16:00

22 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Ziya Zahid oğlu Gözəlovun il mərasimi təşkil edilmişdir.

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak etmişlər.

İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Ziya Zahid oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ziya kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Ziya, təkcə Zahidin yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Ziya balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, RİH başçısı geniş və məzmunlu nitqində həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Qeyd etmişdir ki, dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz, inək saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.-Biz Ziyalardan  artıq deyilik. Bu gün onların ruhu bizimlədir. Ziyalar getdi, canlarını verdilər, şəhid oldular. Qazilərimizin yarı canları getdi. Əgər bu gün biz dost və düşmən ölkələrimizi bilməsək, onda Ziyaların ruhu bizi bağışlamaz. Həqiqəti hamı bilməlidir. Şəhidlərin xatirəsini dövlət yaşadacaq. Şəhidlərlə bağlı kitablar yazılır, çap olunur. Təzə ailə quran bəylə-gəlin şəhərimizin Qəhrəmanlar Parkını-şəhidlər abidə kompleksini ziyarət etməli, şəkillərini çəkdirib evlərinin ən yuxarı yerlərindən asmalıdırlar.
      Məlumat üçün bildirək ki, Ziya Zahid oğlu Gözəlov 19 yanvar 2002-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuşdur.

2008-2019-cu illərdə şəhid Nicat Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbində təhsil almışdır.

Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. Ziya Gözəlov Vətən müharibəsi zamanı  oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olmuşdur.

 

22 noyabr 2020-ci ildə şəhid Ziya Zahid oğlu Gözəlovun nəşi Masallı rayonunun Çaxırlı kənd məzarlığında izdihamla dəfn olunmuşdur.      

Subay idi...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra «Vətən uğrunda»  medalı ilə təltif edilmişdir.

Şəhid Ziya Gözəlovun ailəsi, şəxsən atası Zahid Gözəlov, kənd ağsaqqalı hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
     İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
     Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Ziya Gözəlov məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğunu vurğulamışlar.

Keçidlər