Şriftin ölçüsü :

Saytın rəngi :

Miyənkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

11 yanvar 2016 | 16:00

11 yanvar 2016-cı il tarixdə Masallı rayonu Miyənkü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında Masallı rayon İcra hakimiyyəti başçısının Miyənkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Məmmədovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Yola  saldığımız  2015-ci il bütövlükdə ölkəmiz  üçün  uğurlu olmuşdur. Ölkəmizin dinamik inkişafı təmin edilmiş, böyük layihələr həyata keçirilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış islahatlar hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir ki,  ölkəmizin uğurlu  inkişafı təmin edilmişdir. Bütün bunların təməlində düşünülmüş siyasət, uğurlu islahatlar və  ulu öndər Heydər Əliyevin bizə əmanət  etdiyi cənab İlham Əliyevin  yorulmaz fəaliyyətinin bəhrəsidir.
2015-ci ildə ölkəmizin bütün regionlarında olduğu kimi rayonumuzda da geniş miqyaslı abadlıq və quruculuq işləri aparılmışdır, ən ucqar kəndlərə belə  qaz xətləri çəkilmiş,  mərkəzi yollar asfaltlaşdırılmış,  rayonumuzda yeni məktəb binaları tikilmiş, xəstəxanalar, məktəblər və uşaq bağçaları  müasir qaydada təmir edilmiş bu işlər  davam etdirilir. Görülmüş işlər  rayonun əhalisi  kimi Miyənkü kənd sakinlərini də ürəkdən sevindirir. Bütün bu görülən işlərə görə  hörmətli Prezidentimiz  cənab İlham Əliyevə minnətdarlığımızı və  rayon İcra hakimiyyətinin başçısı  cənab Rafil Hüseynova  təşəkkürümüzü  bildiririk.
Masallı rayon İcra hakimiyyəti başçısının Miyənkü inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  mərkəz Miyənkü kəndi olmaqla Miyənkü, Kubin və Nəzəroba kəndlərini əhatə edir.
Ərazinin ümumi sahəsi 703 hektar, əhalinin sayı 2434 nəfərdir. Ərazidə təsərrüfatların sayı 533  olmaqla 384 yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Miyənkü inzibati ərazi dairəsi üzrə   nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” uyğun olaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən  illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. Miyənkü inzibati ərazi dairəsi üzrə   nümayəndəliyi səlahiyyətləri daxilində 2015-ci ildə 62 sərəncam verilmişdir. Sərəncamların mövcud təlimatlara uyğun tərtib olunmasına ciddi fikir verilmiş və onların icrasına ardıcıl nəzarət edilmişdir. Bu sərəncamlar əsasən nümayəndəliyin səlahiyyətlərinin  icrası, ərazinin sosial-iqtisadi inkişafı, təhsil, səhiyyəyə diqqətin artırılması, abadlıq işlərinin görülməsi və tarixi gün və   bayramların keçirilməsi ilə əlaqədar olmuşdur. Ərazidə 20 yanvar faciəsinin ildönümü, Gənclər günü, Xocalı soyqırımı günü, Novruz bayramı, Respublika günü, Qurtuluş günü, Ramazan bayramı, Qurban bayramı, Konstitusiya günü, Milli Dirçəliş günü, Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir.
Nümayəndəlikdə kargüzarlıq işləri “Dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda  kargüzarlığın aparılması  qaydaları haqqında”  təlimata uyğun aparılmış, iş nomenklaturasına uyğun olaraq  qeydiyyat kitabları və  sənədlərin  saxlanması üçün  qovluqlar açılmışdır. Nümayəndəlikdə  “Daxil olan məktublar”, “Göndərilən məktublar”,  “Təklif, ərizə və şikayətlər”, “Arayışlar”, “Protokollar”, “Sərəncamlar” üçün qeydiyyat kitabları açılmış, səhifələnərək möhürlənmişdir.
Miyənkü inzibati ərazi dairəsi üzrə   nümayəndəliyi tərəfindən  8 əmr verilib, təlimata uyğun hazırlanıb, əmrlərin hazırlanmasında kənarlaşmaya yol verilməyib.
  Ərazi nümayəndəliyində vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Qanunun tələbləri səviyyəsində baxılmış, daxil olan müraciətlərin vaxtında həll edilməsinə səy göstərilmişdir. 2015-ci  ildə nümayəndəliyə vətəndaşlardan 24 yazılı və 25 şifahi müraciət daxil olmuşdur. Yazılı müraciətlərdən 12 müraciət təsərrüfatdan ayrılmaq, 10 müraciət  sel suları  nəticəsində ev və təsərrüfata  ziyan dəyməsi barədə, 1 müraciət elektrik xəttinin qırılması barədə və 1 müraciət qonşuluqdakı mübahisə barədə olmuşdur.
Şifahi müraciətlərdən 7 müraciət elektrik dirəklərinin və sayğacın dəyişdirilməsi, 4 müraciət ünvanlı sosial yardım verilməsi ilə əlaqədar, 1 müraciət ailə münaqişəsi, 3 müraciət yol təmiri, 2 müraciət şəxsiyyət vəsiqəsi, 3 müraciət quyularda suyun çəkilməsi, 3 müraciət maddi yardım barədə, 2 müraciət həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı olmuşdur.
Yuxarı rəhbər orqanlara 20 müraciət olunmuşdur. Bunlardan 11 müraciət Prezident Administrasiyasına, 9 müraciət isə Masallı rayon İcra başçısı Aparatına daxil olub. Bunlar əsasən evin təmirinə kömək, ünvanlı sosial  yardım, həyətyanı torpaq sahəsi barədə olmuşdur. Masallı rayon İcra hakimiyyətinin başçısı cənab R.Hüseynovun 19 avqust 2015-ci ildə ərazidə keçirdiyi səyyar qəbul zamanı əhali tərəfindən verilmiş 7  təklifdən 4 təklif icra edilmiş, 3 təklif icra edilməmişdir. Bunlardan elektrik dirəklərinin qəzalı vəziyyətdə olması,  elektrik transformatorunun təmiri, elektrik və qaz sərfiyyatı ilə əlaqədar bildirişlərin hər ayın 15-dək verilməsi barədə müraciətlər öz həllini tapmışdır. Lakin internet xidmətinin zəif olması, deputat S.Rüstəmxanlı ilə vətəndaşların görüşə gəlməməsi, yeni ATS –in istifadəyə verilməsi haqqında edilmiş müraciətlər həll edilməmişdir.
  Nümayəndəlikdə “Ailə” Məcəlləsinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılmışdır. Hesabat ilində  ərazi nümayəndəliyində 29 doğum, 8 nikah və 11 ölüm faktı qeydə alınmışdır. Nikah qeydiyyatında  müddət pozğunluğuna  yol verilməmiş, nikaha girənlər tərəfindən  rüsum haqları  vaxtında  ödənilmişdir. Lakin yeni evlənənlərin bəziləri rəsmi nikah bağlamadan ailə həyatı qururlar. Bu da sonradan bir-sıra problemlərin yaranmasına səbəb olur. Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü, demək olar ki, mütəmadi tədbirlər həyata keçirilir, bu mövzuda məktəblərdə, ictimaiyyət arasında söhbətlər aparılmış, yığıncaqlar keçirilmişdir. Bunun nəticəsindədir ki, ötən il erkən nikahlar olmamışdır.
  Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir. ”Təhsil Qanunu”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi  nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır. Ərazidə bir tam və bir ümumi orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 233 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Bunlardan 23 nəfər ali və 8 nəfər orta ixtisas təhsillidir. Ötən il 9 nəfər məzundan 9 nəfər attestat almış,  3 nəfər ali  məktəblərinə qəbul olmuşdur. Bu isə qənaətbəxş deyildir. Şagirdlərin dərsə davamiyyəti daima nümayəndəliyin diqqət mərkəzində olmuş, bunun nəticəsində məktəbdə davamiyyət 90-95%-dir. Məktəblərin qışa hazırlığı üçün müəyyən təmir işləri görülmüş, yanacaq tədarük olunmuşdur. Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab   İlham Əliyevin  təhsilə qayğısının təzahürüdür. Şagirdlərimiz vətənə məhəbbət, millətimizə sədaqət ruhunda tərbiyə olunur.
Ərazidə 1 həkim məntəqəsi və 1 tibb məntəqəsi fəaliyyət göstərir. Bunlarda 2 həkim və 5 tibb işçisi çalışır. Onlar vaxtı-vaxtında xəstələri qeydiyyata alır, profilaktik işlər görür, peyvəndlər aparırlar. Belə ki, ərazidə  bir yaşa qədər  uşaqlar arasında 63 peyvənd, 18 aylıq uşaqlara 19 peyvənd   və 6 yaşa qədər olan  uşaqlar arasında   qızılca, və  ADS-ə qarşı 37 peyvənd aparılmışdır. Bütün bunların nəticəsidir ki, ərazidə ağır yoluxucu xəstəliklərə təsadüf olunmamışdır. Buna baxmayaraq ərazidə fəaliyyət göstərən Miyənkü tibb məntəqəsinin binası iş şəraitinə uyğun gəlmir. Rayon Səhiyyə şöbəsinin rəhbərliyindən xahiş edilsin ki,  bu il yeni tibb məntəqəsinin binasının tikilməsində bizə köməklik göstərilsin. Kubin kəndində  müasir tipli tibb məntəqəsi tikilmişdir.
Hər il rayonumuzda keçirilən qanvermə aksiyasında ərazi nümayəndəliyi də fəal iştirak edir. Qana ehtiyacı olan xəstələrə yardım etmək hər birimizin vətəndaşlıq borcudur.
Ərazidə 1 kitabxana fəaliyyət göstərir. Burada 2 nəfər çalışır. Kitabxanaya mütəmadi olaraq yeni kitablar daxil olunmuşdur. Oxucuların sayı artmaqdadır. Kitabxananın fəaliyyətinin  yaxşılaşdırılması daim ərazi nümayəndəliyinin diqqət mərkəzində olmuşdur.
Ərazi nümayəndəliyi tərəfindən ərazidə gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi tədbirlər keçirilmişdir. Ərazi üzrə futbol, voleybol, dama yarışları keçirilmişdir. Gənclərimizin hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Həmkəndlimiz Mübariz Mənsimovun Milli Qəhrəman Mübariz İbrahimovun və Böyük Vətən Müharibəsi veteranı olmuş həmkəndlimiz Məcid Aslanovun adını daşıyan tankeri istismara verməsi ərazimizin gənclərinə örnək olmuşdur. Çünki bu nəhəng gəmilər bütün dünyada Azərbaycanı və onun qəhrəman övladlarını  təmsil edəcəkdir.
Ötən il ərazimizdən 7 nəfər hərbi xidmətə yola salınmışdır. Ordudan və çağırışdan yayınma halları yoxdur. Bu işdə ağsaqqallar, ziyalılar, məktəb rəhbərliyi və bələdiyyə bizə yaxından köməklik göstərirlər. 1999-cu ildə anadan olmuş 5 nəfər  yeniyetmənin ilkin təhkimolunma komissiyasından keçirilməsi təmin edilmişdir. Bunu da qeyd etməliyik ki. Miyənkü ərazisində  4 nəfər gənc Qarabağ  müharibəsində şəhid olmuşdur. Bu şəhidlərin həyat yolu həmişə gənclərimizə örnək olmuşdur.
Həmişə olduğu kimi ərazimizdə elektrik enerjisi və mavi yanacağın istifadəsinə görə ödənişlər vaxtında və tam aparılır. Ərazidə 284 qaz abonenti və 333 nəfər elektrik enerjisi abunəçisi var. Enerji haqları sayğacların göstəriciləri əsasında tam yığılır, lakin elektrik naqilləri və dirəklərin köhnəlməsi səbəbindən elektrik enerjisinin verilməsində bəzən fasilələr yaranır. Ərazidə yalnız 63 evi olan Nəzəroba kəndinə mavi yanacaq verilmir. Dövlət Proqramına əsasən  bu məsələ öz həllini  tapacaqdır.
Ərazidə 125 ev telefonu abonenti vardır. Lakin ərazidə ayrıca ATS olmadığından bu  sahədə yaranan problemlərin həlli bəzən gecikdirilir ki, bu da abunəçilərin narazılığına səbəb olur. Lakin yeni ATS binası fəaliyyətə başladıqdan sonra problemlər aradan qaldırılacaqdır.
Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.  Respublikamızda aparılmış aqrar  islahatı zamanı ərazidə də torpaq sahələri kənd  sakinlərinə  adambaşına düşən norma daxilində  0,18 ha olmaqla pay torpağı verilmişdir. Bu torpaq sahələrindən qismən istifadə olunsa da, son illər bu sahədə durğunluq tam şəkildə özünü göstərir. Yəni torpaq payçıları torpaqdan səmərəli istifadə etmir, əkib-becərmir, hətta sahələrin əksəriyyətini kol-koslar örtmüşdür. Torpağın üst münbit qatı keyfiyyətini itirir. Görünür torpaqla bağlı bizim də təbliğatımız  zəifdir, gələcəkdə bu nöqsanları aradan qaldırmaq üçün səylə çalışmalı, təbliğatımızı genişləndirməliyik.
Əhalinin  xüsusi mülkiyyətində 943 baş iribuynuzlu və 549 baş xırda buynuzlu mal-qara vardır. Ərazidə 4 maldarlıq ferması fəaliyyət göstərir. Ötən il mal-qaranın cins və yaş tərkibinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, üzərində süni mayalanma  aparılmış iri buynuzlu  mal-qaradan  18 baş bala alınıb. Maldarlığın inkişafı ilə əlaqədar daima rayon Baytarlıq idarəsi ilə yaxından əlaqə saxlanılır. Onların köməyi ilə mal-qara arasında mütəmadi peyvənd işləri həyata keçirilir. Ərazidə kənd təsərrüfatı  məhsullarının istehsalı əsasən əhalinin həyətyanı torpaq sahələrindən əldə olunur. Ötən il 4.5 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Burada   1 hektar kartof,  2.5 hektar tərəvəz,  1 hektar dənli-paxlalı bitkilər tədarük edilmişdir.  
Ərazidə sahibkarlığın inkişafına  da qayğı və diqqət göstərilir. Hazırda 4 mağaza, 2 ictimai iaşə obyekti, 1 məişət obyekti əhaliyə xidmət göstərir.
Miyənkü ərazi nümayəndəliyinin 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə bağlı 15 yanvar 2015-ci il tarixdə keçirilmiş hesabat yığıncağında 5 rəy və təklif daxil olmuşdur. Bu təkliflər Miyənkü tam orta məktəbinin təmir edilməsi, mal-qara arasında yoluxucu xəstəliklərə qarşı peyvəndlərin aparılması, kənddə ATS binasının tikilməsi, Nəzəroba kəndinin qazlaşdırılması barədə olmuşdur. Bildirirəm ki, məktəbdə daxili imkanlar hesabına müəyyən təmir işləri görülmüşdür, mal-qara arasında yoluxucu xəstəliklərin qarşısının alınması ilə əlaqədar rayon Baytarlıq idarəsinə müraciət olunmuş, ərazidə profilaktik işlər həyata keçirilmişdir. Rabitə və internet xidmətlərinin yaxşılaşdırılması üçün Miyənkü kəndində yeni ATS binası tikilmiş və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır. Nəzəroba kəndinin qazlaşdırılması ilə əlaqədar aidiyyatı təşkilatlara müraciət edilmiş və Dövlət Proqramına əsasən növbəti illərdə öz həllini tapacaqdır.
Miyənkü ərazisində abadlıq-quruculuq işlərini əsasən xeyriyyəçilərimiz və Miyənkü kənd bələdiyyəsi həyata keçirir. Keçən il bələdiyyəmiz tərəfindən xeyli işlər görülmüşdür. Belə ki, yol kənarlarındakı tikanlıqların vurulması, su kanallarının təmizlənməsi, 300 ədəd dekorativ və sitrus ağaclarının əkilməsi, Miyənkü tam və Kubin ümumi orta məktəbində təmir  və ağartma işlərinin həyata  keçirilməsi  işlərini göstərə bilərik.
Dünya Bankının AzKİL-2  layihəsinə əsasən icma səfərbərliyi işləri həyata keçirilmiş, ən vacib problemlər icma yığıncaqlarında müəyyən edilmişdir. İcma səfərbərliyi nəticəsində ərazinin kəndlərində küçələr abadlaşdırılmış, yol kənarları təmizlənmiş, su kanalları təmir edilmiş, yollar hamarlanmış və ümumilikdə 6800 metr kəndarası yollar əsaslı təmir edilmişdir. Görülmüş işlər sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Buna görə rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova  kənd sakinləri  adından təşəkkürümüzü bildiririk.
  Ərazidə qanunsuz tikinti işlərinin qarşısının alınması  və zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində ardıcıl işlər aparılır. Əvvəlki illərdə 33 nəfər qanunsuz torpaq sahəsini zəbt etmiş və vətəndaşlar tərəfindən 5 ədəd  qanunsuz yaşayış evi tikilmişdir. Lakin onların sənədləşdirilməsi ciddi şəkildə tələb  olunmuşdur. Belə ki, həmin evlər bələdiyyə mülkiyyətində tikilmişdir. Bunlardan 13 həyətyanı torpaq sahəsinin ilkin sənədləri hazırlanmış, 5 nəfər isə sənədləşdirmə üçün müraciət etmişdir. Qalan torpaqlar zəbtdən azad edilmiş, orada heç bir tikinti işlərinin aparılmasına yol verilməmişdir. Hal-hazırda həmin vətəndaşlar da  zəbt etdikləri torpaqların alqı-satqı qaydasında alınmasını və sənədləşdirilməsini istəyirlər. Ümid edirəm ki, bu il həmin məsələlər öz həllini tapacaqdır.
Ərazimizdə dövlət pensiya təminatı ilə əhatə olunmuş 259 nəfər   pensiyaçı var. 6 nəfər  BVM arxa cəbhə veteranı, 4 şəhid ailəsi, 6 Qarabağ müharibəsi veteranı, bir Çernobıl əlili, 6 tənha qoca vardır. Rayon İcra Hakimiyyətinin başçısı cənab  R.Hüseynov tərəfindən ötən il Dövlət bayramları ərəfəsində bu kateqoriyalı insanlara bayram sovqatı verilmişdir.
Hesabat məruzəsində 2015-ci ildə  görülən işlər sadalandı, bununla yanaşı 2016-cı ildə  görüləcək işlər və qarşıda duran vəzifələr barədə məlumat vermək istəyirəm. 2016-cı   ildə görüləcək işlər çoxdur. Ərazidə tibb məntəqəsinin yeni binasının tikintisi, abadlıq-yaşıllaşdırma işləri, yolların cari təmir olunması, Nəzəroba kəndinə qaz xəttinin çəkilməsi, Kubin məktəbinin yeni binasının istifadəyə verilməsi, istirahət  mərkəzinin tam şəkildə bərpa olunması    planlarımıza daxildir. Həmçinin əraziyə sahibkarların cəlb olunması və xeyriyyəçi insanların  ərazidə müəyyən işlər görməsi üçün səylərimizi davam etdirəcəyik.
Ərazimizin insanları dövlətimizə sədaqətli insanlardır. Bütün dövlət əhəmiyyətli tədbirlərdə əhalimiz Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müdafiə edir və onu uğurla davam etdirən cənab İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirmişlər. 1 noyabr 2015-ci ildə keçirilmiş Parlament seçkilərində ərazinin vətəndaşları aktiv iştirak etmişlər. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi  üçün  Miyənkü ərazi nümayəndəsi də öz üzərinə düşən vəzifələri bacarıqla  yerinə yetirmiş, seçki məntəqələrinə müvafiq yerlərin ayrılması, otaqların texniki təchizatı, abadlığı və səliqə sahman yaradılması, 18 yaşı tamam olan gənclərin, vətəndaşların  şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi işlərində ərazidə fəaliyyət göstərən 71 saylı Miyənkü və 72 saylı Kubin kənd seçki məntəqələrinə bütün köməklikləri etmişdir.
İcazə verin Sizi əmin edim ki, Miyənkü ərazi nümayəndəliyi  öz işini bundan sonra da “Yerli icra hakimiyyəti haqqıında Əsasnamə”yə uyğun quracaq,  rayon İcra hakimiyyəti başçısının sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edəcək, ərazidə yaşayan sakinləri narahat edən problemlərin həll edilməsi üçün bütün qüvvə və bacarığını sərf edəcəkdir.

Keçidlər