"Şuşa fatehi" kompozisiyası
Masallı Xalq Teatrında "Şuşa fatehi" kompozisiyası tamaşaçılara canlı təqdim olunub
26 noyabr 2021-ci il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin növbəti ədəbi-bədii kompozisiyası səhnəyə qoyulub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, məktəb kollektivləri, din xadimləri, media nümayəndələri və s. iştirak ediblər.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış gizir Rəfail Teymur oğlu Hüseynovun əziz xatirəsinə ithaf olunan səhnə əsərinin təqdimatından əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən və bu Qələbədə Masallılı igidlərdən söz açaraq, Rəfaillərin qəhrəmanlığından danışıb, müasir tarixdə onların adlarının əbədi qalacağını qeyd edib.
Şəhidin atası, Qarğalıq kəndindən olan Teymur Hüseynov oğlu Rəfailin şəhidliyini Vətəni qorumaqda ən yüksək amal və müqəddəslik kimi qeyd edib, göstərib ki, hələ uşaqlıqda özünün qeyri-adi hünəri, cəsarəti ilə fərqlənirdi. Belə oğullar valideynlər üçün, böyüdüyü el-oba üçün, ən başlıcası isə Vətən üçün başucalığıdır.
Sonra gizir Rəfail Teymur oğlu Hüseynovun ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı tədbir keçirilən Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindən xəbər verir ki, daha sonra Qarğalıq kəndindən olan şəhid Rəfail Hüseynovun həyatı və döyüş yolundan bəhs edən yazıları əsasında quruluş verilmiş "Şuşa fatehi"nin müəllifi, yazıçı-publisist Nurəddin Ədiloğlu çıxış edərək «Şəhidlik manifesti» kitabının təqdimatından indiyə kimi 11 dəfə ədəbi-bədii kompozisiyanın keçirilməsinə görə rayon rəhbərliyinə minnətdarlıq bildirib. Bu, şəhidlərimizin ruhuna, qəhrəmanlığına çox böyük ehtiramdır.
Müəllif şəhid Rəfail Hüseynovun qəhrəmanlıq yoluna qısa səyahət edib.
Videotamaşaçılar Fesbuk səhifəsində «Şəhidlik manifesti» kitabının motivləri əsasında səhnələşdirilmiş «Şuşa fatehi»nı canlı şəkildə, həzin musiqi sədaları altında, kövrək fraqmentlərlə izləyib.
Səhnə tamaşası və ifalardan sonra Masallı RİH başçısı Ş.Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri şəhid valideynləri ilə görüşərək onlara səbir diləyib, şəhid Vətən övladlarının ruhuna ehtiramlarını ifadə ediblər.