Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid çavuş Rafail Hüseynovun anım mərasimi

30 noyabr 2021 | 16:00

30 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində 44 günlük Vətən müharibəsinin Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi Rafail Teymur oğlu Hüseynov anım mərasimi təşkil edilmişdir.

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri, Şirvan şəhərindən gələn qazilər və s. iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimi keçirilən Qarğalıq kəndindən xəbər verir ki, icra başçısı cənab Ş.Məmmədov geniş və məzmunlu nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Qeyd etmişdir ki, dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz, inək saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.-Bu gün Rafaillərin ruhu bizimlədir. Rafaillər getdi, canlarını verdilər, şəhid oldular. Qazilərimizin yarı canları getdi. Əgər bu gün biz dost və düşmən ölkələrimizi tanımasaq, onda Rafaillərin ruhu bizi bağışlamaz. Təzə ailə quran bəylə-gəlin şəhərimizin Qəhrəmanlar Parkını-şəhidlər abidə kompleksini ziyarət etməli, şəkillərini çəkdirib evlərinin ən yuxarı yerlərindən asmalıdırlar.

Masallı RİH başçısı Ş.Məmmədov daha sonra demişdir:

-Rafaillər bizə vüqarımızı qaytardılar, Zəfər sevinci yaşatdılar. Torpaqlarımızı geri aldıq, qürurumuz qayıtdı. Onları döyüşə göndərəndə deyirdim ki, sizi öldürməyə göndəririk. Torpaqlarımızı alın, sağ-salamat geri qayıdın. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə sübut edir. Bu xoşbəxtliyi davamlı edən isə Ulu Öndər Heydər Əliyevin 2003-cü il Prezident seçkilərində xalqa müraciəti oldu: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Atasının vəsiyyətinə əməl etdi. Azərbaycanı dünyaya tanıtdı. 44 günlük Vətən müharibəsi dünya tarixinə yazıldı. Biz şəhidləri unutsaq-unudularıq. Biz onlara borcluyuq… Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Şəhid ata-analarına mənəvi dəstək olmağa çalıçmışam. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Bu, onların böyüklüyüdür. Bu, bir Masallı nümunəsidir. Ləyaqəıtli ailələrdən-ləyaqətli insanlar çıxır.

Rayon rəhbəri daha bir vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara əməl etsin. İynə vurdurmaq ölüm ehtimalını 90 faiz azaldır.

Məlumat üçün bildirək ki, şəhid çavuş Rafail Teymur oğlu Hüseynov 1 yanvar 2000-ci ildə  Qarğalıq kəndində anadan olmuşdur. 

2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirmişdir.

2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanmışdır.

Sonra XTQ kursuna könüllü yazılmışdır.

6 aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlamışdır.

Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilmişdir. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilmişdir. Onlardan biri də Rafail olmuşdur...

Sentyabrın 27-də başlanan 44 günlük müharibənin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə etmişdir. Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.

Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.

Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşaya girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur...

30 noyabr 2020-ci ildə şəhid çavuş Rafail Teymur oğlu Hüseynovun nəşi kənd qəbiristanında izdihamla dəfn olunmuşdur.  Subay idi...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Rafail Teymur oğlu Hüseynov ölümündən sonra «Vətən uğrunda»  medalı ilə təltif edilmişdir.

Şəhid çavuş Rafail Hüseynovun ailəsi, şəxsən atası Teymur Hüseynov, ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
   Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Rəbbi Kərimov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
   Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid çavuş Rafail Teymur oğlu Hüseynovun məzarını ziyarət etmişlər.
   Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
   Çıxışlarda şəhid barədə xatirələr danışılmış, çavuş Rafail Hüseynovun  heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

Keçidlər