Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları

30 noyabr 2021 | 16:00

30 noyabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qodman kənd C.Kazımov adına tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər.
Çıxış edən Masallı RPŞ-nin rəis köməkçisi polis baş leytenantı İ.Talıbov narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, MRPŞ- nin azyaşlılar üzrə baş inspektoru S.Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı K. Bağırov, Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar.Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

Keçidlər