GENERAL HƏZİ ASLANOV ŞƏRƏFƏ KƏNDİNDƏ ŞƏHİD MƏZARLARINI ZİYARƏT EDİB
Vətən müharibəsinin şəhidləri Ramazan Hilal oğlu Vəliyev və Nurlan Fərrux oğlu Əbilov Masallı rayonunun Şərəfə kəndində dünyaya göz açmışlar.
Ramazan Vəliyev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında çavuş rütbəsində xidmət etmişdir. Nurlan Əbilov isə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur. Hər iki həmkəndli Vətən müharibəsində döyüş tapşırıqlarını icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişlər. Cəbhədə göstərdikləri igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ramazan Vəliyev və Nurlan Əbilov “Vətən uğrunda” və digər medallarla təltif edilmişlər.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev hər iki şəhidin məzarını ziyarət etmiş, məzarları önünə təzə gül dəstələri düzmüş, valideynləri ilə görüşmüşdür.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı tədbir keçirilən Şərəfə kəndindən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin rəisi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyini, çağdaş tariximizə yeni qəhrəmanlıq səhifəsi yazdığını bildirmişdir. Ramazan və Nurlan kimi igid oğulların döyüşlərdə böyük şücaət, fədakarlıq göstərdiklərini vurğulayan general onların canı, qanı hesabına düşmən üzərində tarixi qələbənin qazanıldığını, əziz xatirələrinin heç zaman unudulmayacağını söyləmişdir.
Görüşdə hər iki şəhidin keçdiyi döyüş yolu barədə söhbət açılıb, parlaq xatirələri ehtiramla anılmışdır.