YAP Masallı rayon təşkilatında 2015-ci ilin yekunları
15 yanvar 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Masallı rayon təşkilatının Gənclər Birliyi, Qadınlar Şurası və YAP fəalları iştirak etmişlər. Yığıncağı Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir: “ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi”.
Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 24 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib”.
Seyfəddin Əliyev 01 noyabr 2015-ci il tarixdə keçirilmiş Parlament seçkiləri ilə bağlı fikirlərini bölüşərək qeyd etmişdir ki, Parlament seçkiləri bir daha göstərdi ki, xalq Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir.
YAP Masallı rayon təşkilatının fəaliyyətindən danışan sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki, YAP Masallı rayon təşkilatı 10277 partiya üzvünü özündə birləşdirir. Onlardan 2929 nəfərini qadınlar, 2788 nəfərini gənclər təşkil edir. Təkcə 2015-ci ildə 527 nəfər partiyanın sıralarına qəbul olmuşdur. Onlardan 178 nəfərini qadınlar, 346 nəfərini gənclər təşkil etmişdir. Ümumi tərkibdə partiya üzvlərinin 3334 nəfər ali təhsilli, 2041 nəfər orta ixtisas təhsillidir.
2015-ci il ərzində YAP Masallı rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sırasına 4 saylı bağça, Masallı Olimpiya İdman Kompleksi, Masallı Regional Dövlət Kolleci, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi ilk partiya təşkilatlarını əlavə etmişdir. 13 yanvar 2016-cı il tarixdə Qızılağac bağça ərazi ilk partiya təşkilatı təsis edilərək ilk təşkilatların sayını 100-ə çatdırmışdır.
Natiq 2016-cı ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 2015-ci ildə gördüyü işlərlə bağlı məruzəsi dinlənilmişdir. Məruzə edən YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev qeyd etmişdir ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Hal-hazırda Möhtərəm Prezidentimiz Partiyamızın Sədri cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərimiz ildən-ilə artmaqdadır. Təkcə xaricdə təhsil alan gənclər deyil,ölkə daxilində təhsil alan gənclərdə dövlətin qayğısından yetərincə yararlanırlar. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
Cəlal Əliyev bildirmişdir ki, Bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Gənclər Birliyi sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirmiş və sayını 2788 nəfərə çatmışdır. Təşkilatın Gənclər Birliyinin üzvlərinin sayı rayon təşkilatında olan üzvlərin 28 %-ni təşkil edir. Hal-hazırda rayon təşkilatı Gənclər Birliyi üzvlərinin 841 nəfəri gənc qadınlardır.
Təkcə 2015-ci ildə partiya sıralarına qəbul edilənlərin 65.7 %-i yəni 346 nəfərini gənclər təşkil etmiş və bunların da 116 nəfəri gənc qadınlar olmuşdur.
Ümumi tərkibdə təhsilinə görə gənc YAP üzvlərinin 29.2%-ni yəni 812 nəfəri ali, 14.7%-ni yəni 410 nəfərini orta ixtisas təhsilli gənclər təşkil edir.
Gənclərin fəaliyyət sahələrinə görə təhsildə 827 nəfər, səhiyyədə 169 nəfər, elm, mədəniyyət və incəsənətdə 82 nəfər, idarəetmə orqanlarında 91 nəfər, digər sahələrdə isə 1179 nəfər gənc çalışır. Biz Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Gənclər Birliyi olaraq, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyir və Prezidentimizin ətrafında sıx birləşirik !
YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva Qadınlar Şurasının 2015-ci ildə gördüyü işlərlə bağlı məruzə edərək qeyd etdi ki, Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olmuşdur. 1995-ci ildə Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu, hörmətini, qadınların yorulmaz fəaliyyətində sadiqlik və etibar ucalığını görən ulu öndər Heydər Əliyev Qadınlar Şurasının yaradılması haqqında qərar verdi. Bu şura cəmiyyətin zərif, eyni zamanda, qüdrətli zümrəsi olan Azərbaycan qadınının cəsarətinin, ləyaqətinin, hünərinin mərkəzinə çevrildi. YAP Qadınlar Şurası yaranan kimi qızğın fəaliyyətə başladı.
Ulu Öndər Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verirdi. Bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
Əntiqə Tağıyeva qeyd etmişdir ki, bu gün YAP Masallı rayon təşkilatı özündə 2929 qadını birləşdirir. Bunlardan 715 nəfəri ali, 854 nəfəri orta ixtisas 1360 nəfər isə orta təhsillidirlər.
2015-ci il ərzində YAP sıralarına 180 nəfər qadın qəbul edilmiş, onların 36-si ali təhsilli, 41-i orta ixtisas, 103 nəfər isə orta təhsillidirlər. Partiya sıralarına daxil olan 180 nəfər qadınların 61-ni gənc qadınlar təşkil etmişdir.
YAP Masallı rayon təşkilatının Qadınlar Şurası rayon təşkilatın inzibati binasında eləcədə ərazi ilk partiya təşkilatlarında bir çox tədbirlər həyata keçirmişlər. Bunlardan 20 yanvar faciəsi ilə bağlı “Qanlı yanvar”, Xocalı soyqırımı ilə əlaqədar “Tarixin qanlı səhifəsi”, 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə “Cəmiyyətdə Qadınların rolu”, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Müasir Azərbaycanın elmi-intellektual elitasının formalaşmasında qadınların rolu”, “Oftalmologiya sahəsində Zərifə Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir.
Bunlara əlavə olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar “Heydər Əliyev irsi” devizi altında ərazi ilk partiya təşkilatlarında tədbirlər təşkil olunmuşdur.
Rayon təşkilatının Qadınlar şurası “Bakı 2015 – Azərbaycan sülh və əməkdaşlıq məkanıdır”, “Savadlı ana sağlam cəmiyyətin təməlidir” “Erkən nikahın fəsadları”, “Gənc qızların təhsil problemləri”, “Qadın böyük qüvvədir” , “Ailə dəyərləri” və sair mövzularda qadınlarla görüşlər təşkil etmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Qadınlar Şurası Partiyanın Qurultay qərarlarından, Əsasnaməsindən və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, sosial-iqtisadi inkişaf proqramlarının icra olunmasında yaxından iştirak etməkdən ötrü ictimai-siyasi fəallıq nümayiş etdirərək partiya və rayon rəhbərliyinə yaxından dəstək olacaqlar.
Çıxış edən Banbaşı ərazi ilk partiya təşkilatının sədri Hörmət Balakişiyev, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Gənclər Birliyinin sədr müavini Kəmalə Bəşirova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.
Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmişdir.