Şəhid əsgər Sübhan Həsənovun anım mərasimi
07 dekabr 2021-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sübhan Rauf oğlu Həsənovun anım il mərasimi təşkil edilmişdir.
İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, ağsaqqallar, qazilər, şəhər sakinləri, Bakı, Gəncə, Mingəçevir şəhərindən, Kürdəmir, Ağcabədi, Lerik, Yardımlı rayonlarından gələn qonaqlar və başqaları iştirak etmişlər.
İcra başçısı Ş.Məmmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
-Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Sübhan balamın il mərasimində hər bir şəhid anasının alnından öpürəm. Allah Ulu Öndərimizi rəhmət eləsin. Dahi rəhbərin möhkəm təməl üstündə qurduğu dövləti, onun siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli bir ölkəyə çevirdi. Sübhanlar bizə Zəfər Bayramını yaşatdılar. Masallıda bütün şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Gəncləri döyüşə göndərəndə deyirdim ki, sizi ölməyə yox, öldürməyə göndəririk. Torpaqlarımızı alın, sağ-salamat geri qayıdın. 3 minə yaxın şəhid verdik. Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Rayonda 50 şəhidin dəfnində iştirak etdim. Mən şəhid ailələrinə təşəkkür edirəm. Onlar özlərini əsl vətənpərvər kimi aparırlar. Mən qazilərimizə təşəkkür edirəm.Onlar da böyük vətənpərvərlik nümunəsi göstərərək, heç kimə minnətçi olmadılar. Bu gün Sübhanın ruhu bizimlədir. Sübhanlar bizə vüqarımızı və qürurumuzu qaytardılar. Sübhan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Sübhan və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq. Biz onlara borcluyuq. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı. Biz mehriban qonşuluq, mehribançılıq tərəfdarıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Sübhan balamızı da rəhmət eləsin, — deyə Masallı RİH başçısı Şahin Məmmədov nitqində bir daha qeyd etmişdir.
Masallının icra başçısı ən vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara əməl etsin. Peyvənd olmaq ölüm ehtimalını 90 faiz azaldır.
İcra başçısı stollara yaxınlaşaraq şəhid valideynləri və ailə üzvləri ilə görüşmüş və onlarla söhbət etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimi keçirilən Masallı şəhərindən xəbər verir ki, şəhid əsgər Sübhan Həsənovun ailəsi, şəxsən atası Rauf Həsənov, şəhər camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci il tarixində Masallı şəhərində anadan olmuşdur.
O, 2007-2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil almışdır. Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olmuşdur.
2019-cu ilin 30 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.
İgid döyüşçü Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmətə başlamışdır.
Sonra Tovuz döyüşlərində iştirak etmişdir.
Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb.
Cəsur döyüşçü oktyabrın 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb.
Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir.
Ailənin yeganə oğlu olan Sübhan subay idi...
Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Masallı şəhər qəbiristanında şəhid əsgər Sübhan Həsənovun məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid çavuş Sübhanın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.