Narkomaniyaya və erkən nikaha yox deyək!
08 dekabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər. Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki,onra çıxış edən Masallı RİH başçısının müavini A.Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri E.Hüseynli, Rayon Təhsil Şöbəsinin müdir müavini S.İslamov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.