Şriftin ölçüsü :

Saytın rəngi :

“Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya

12 dekabr 2021 | 16:00

Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xalq şairi Zəlimxan Yaqubun Ulu Öndərə həsr olunmuş şeirləri əsasında hazırlanmış kompozisiyada Masallı Xalq Teatrının həvəskar aktyorları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşlarının, mədəniyyət işçilərinin, media nümayəndələrinin və rayon sakinlərinin iştirak etdiyi tamaşadan əvvəl Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova Ümummilli Liderin mənalı həyat yolu və siyasi fəaliyyətinin əsas cəhətləri barədə məruzə ilə çıxış edib. O, görkəmli şəxsiyyətin öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işləri diqqətə çatdırıb.

Sonra müəllim və tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları söyləyib, dahi siyasi liderin həyatından bəhs edən monoloqlar söyləyiblər.

Mərkəzin solistləri, istedadlı sənətçilər Miriş Hüseynov və Şamo İbayev həzin musiqilər ifa ediblər.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyaya rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin maddi dəstəyi ilə hazırlanan ədəbi-bədii kompozisiyanı tamaşaçılar maraqla qarşılayıblar.

Keçidlər