Masallıda daha bir nümunəvi addım
14 dekabr 2021-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı – Şəhidlər abidə Kompleksi”ndə Viləş uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, sahibkar qadın Mətanət Salayevanın birgə təşəbbüsü və təşkilatçılığı ilə I Qarabağ Müharibəsi Şəhidi Bəyalı Məmmədovun anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Vətən Müharibəsi şəhidlərinin ailələri və qaziləri iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Masallı şəhər “Qəhrəmanlar parkı – Şəhidlər abidə Kompleksi”ndə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri ziyarət etdilər, önlərinə tər güllər düzdülər.
Tədbirdə çıxış edənlər təşəbbüs və təşkilatçılara minnətdarlıqlarını ifadə edərək məhz Viləş uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva anadan olmasının 44 illiyini I Qarabağ Müharibəsi Şəhidi Bəyalı Məmmədovun doğum günü ilə birgə qeyd etməsi, üzərində qələbə rəmzi olan Xarıbülbül həkk olunmuş milli kələğayını 44 şəhid ailəsindən olan qadınlara hədiyyə etməsini nümunəvi addım kimi qeyd etdilər.
Rayon İcra hakimiyyətinin məsul şəxsləri və daim şəhid ailələrinin yanında olan təşkilatçılar şəhid ailələrinin və qazilərin vəziyyəti ilə maraqlanmış, onlara daim dəstək olacaqlarını bildirmişlər.
Şəhid ailələri və qazilər onlara göstərilən daim diqqət və qayğıya görə Ölkə Başçısı Cənab Prezident İlham Əliyevə, rayon rəhbərliyinə və daim onların yanında olan vətənpərvər Masallı əhalisinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda Həsənli kənd uşaq bağçasının direktoru Nazilə Məmmədova Şəhid ailələri və qazilər adından doğum günü, təşəbbüskar və təşkilatçılardan olan Şəfa xanıma Azərbaycan Respublikasının Dövlət bayrağını və qiymətli hədiyyəsini təqdim etdi.