Şəhid əsgər Balaqardaş Vəliyevin anım mərasimi
15 dekabr 2021-ci il tarixdə Masallı rayonunun Viləş kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Balaqardaş Fərhad oğlu Vəliyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Cənab Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. İcra başçısı demişdir:
-Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Balaqardaşın ruhu bizimlədir. Balaqardaş kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
“Qədir bilən xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq. Onlar üçün hekayələr, kitablar yazılacaq, filmlər çəkiləcək. Masallıdan olan istedadlı gəncimiz Cəfər Cəfərovun rəhbərliyi ilə Masallı şəhidlərinin əziz ruhuna ithaf olunan “Zəfər yolu” adlı sənədli film çəkilir. Mən dünən Cəfəri qəbul edib, filmlə bağlı öz tövsiyələrimi verdim. Cari ilin dekabr ayının sonunda şəhid ailələrinin iştirakı ilə həmin filmin təqdimatını edəcəyik.” - deyə daha sonra cənab Şahin Məmmədov geniş və əhatəli nitqində bildirib.
Masallının icra başçısı ən vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara riayət etsin. Peyvənd olmaq ölüm ehtimalını 90 faiz azaldır. Əgər gözə görünməyən düşmənlə hamılıqla mübarizə aparsaq, onda Balaqardaşların ruhu bizi bağışlar. Tapşırığıma və tövsiyələrimə əsasən, mobil qrupların fəallığı, bu işə məsul olan vəzifəli şəxslərin səyi hesabınadır ki, Masallı rayonunda vəfat edənlərin sayı respublika göstərisindən aşağıdır. Əlbəttə, biz bilmirik həmin sağ qalan insanlar kimdir. Amma, maksimum dərəcədə çalışmışıq ki, belə hallar baş verməsin. Ona görə bu sahədə zəhməti olan məsul işçilərə sağ olun deyirəm.
Balaqardaş Fərhad oğlu Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur.
2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil almışdır.
2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri Balaqardaş Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür.
Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış və müalicə üçün hospitala göndərilmişdir. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Beləliklə, gənc əsgər Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixdə doğulduğu Viləş kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Subay idi...
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimi keçirilən Viləş kəndindən xəbər verir ki, həmin kənddən olan Vətən müharibəsinin şəhid giziri Balaqardaş Fərhad oğlu Vəliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhid əsgər Balaqardaş Vəliyevin ailəsi, şəxsən atası Fərhad Vəliyev, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Allahverdi Ağayev, Hacı Nüsrət Kərimov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Viləş kənd qəbiristanında şəhid Balaqardaş Vəliyevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid Balaqardaşın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.