“İnsan alveri ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir
Dekabrın 17-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İnsan alveri ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Karantin rejiminin qaydalarına uyğun keçirilən tədbirdə Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər.
Tədbirə başlamazdan öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. D. İbayeva bildirib ki, bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etməkdir.
Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.