“Azərbaycan son 18 ildə” mövzusunda onlayn görüş
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda onlayn görüş keçirmişdir.
Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev açmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident cənab İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi görür deyən Seyfəddin Əliyev bildirib ki, ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsi təmin edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Əlihüseyn Şükürov xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. S.Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Seyfəddin Əliyev bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini Məmmədhüseyn Hüseynov, Tarix-Diyarşünaslıq Muzeyi ərazi ilk partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədr müavini Namiq Ağayev və başqaları mövzu ətrafında çıxış ediblər.