FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir
15 yanvar 2016-cı il tarixdə Masallı rayon A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Təhsil Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Mülki müdafiə qoşunlarının Lənkəran Regional Fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə birgə “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.
Məktəb kollektivinin iştirakı ilə təşkil edilən tədbirdə çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından danışmışlar.
Toplantıda həmçinin, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət olunmasının, təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.