Masallıda ustad dərsləri
Masallıda Xalq rəssamı Kamil Əliyevin 100 illiyi ilə əlaqədar ustad dərsləri keçirilib.
Dekabrın 24-də Masallı rayon Heydər Əliyev Mərkəzində Xalq rəssamı Kamil Əliyevin 100 illiyi ilə əlaqədar xalçaçılıq sənəti üzrə ustad dərsləri keçirilib. Xalçaçılıq sənətinin öyrədilməsi və ənənələrinin təbliği məqsədilə təşkil edilən dərslərdə mədəniyyət işçiləri, rayonun bir sıra ümumtəhsil məktəblərinin şagirdləri və gənc mədəniyyət könüllüləri iştirak ediblər.
Tədbirdə çıxış edən ustad sənətkarın tələbəsi, xalçaçı Tünzalə Abuzərova müəllimi Kamil Əliyevlə bağlı xatirələrindən söz açıb, görkəmli rəssamın yaradıcılığının əsas istiqamətləri və səciyyəvi cəhətləri barədə danışıb. O, eyni zamanda rəssamın Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklərdən bəhs edərək ustad sənətkarı novator adlandırıb, həmçinin rəssamın müvafiq sahənin inkişafındakı xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra T. Abuzərovanın rəhbərliyi ilə ustad dərslərinə start verilib. Dərslərdə müxtəlif nəzəri-praktik məsələlərə yer verilib, xalçatoxuma ənənələrinə toxunulub. Belə ki, xalçaçılığın tarixi və formalaşmış məktəblər, xalçaçılığın inkişaf etdiyi regionlar, xalçatoxuma texnikası, dəzgahların qurulması prosesi, ornamentlərin işlənilməsi, süjetli xalçaların toxunması və s. məsələlərlə bağlı gənclərə məlumatlar verilib, praktik biliklər aşılanıb.