“Uğurlu siyasətin təntənəsi” mövzusunda dəyirmi masa
Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Uğurlu siyasətin təntənəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Daha sonra cənab Prezident İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək Azərbaycanın son 18 ildə əldə etdiyi nailiyyətlər barədə danışıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən 18 ildə sosial iqtisadi, hərbi-siyasi sahədə böyük yeniliklər etməklə ölkəmizi dünyanın nüfuzlu ölkələri sırasına çıxarıb. D. İbayeva Dövlət başçısının Azərbaycan mədəniyyətinə böyük diqqət və qayğı ilə yanaşdığını da qeyd edib. Azərbaycanı bütün çətinlik və təhlükələrdən qoruyaraq, inkişaf və zəfərə daşıdığını bildirib.
Sonra Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə 18 ildə ölkəmizdə görülən işlərdən, qazanılan uğurlardan söz açıb. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolundan, daxili və xarici siyasət kursumuzda möhtəşəm uğurlara imza atılmasından danışıb.
Daha sonra Mərkəzin əməkdaşı Şəfa Xəlilova çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ulu öndər Heydər Əliyevin əvəzolunmaz siyasətinin layiqli davamçısı olan, 18 il müasir Azərbaycan dövlətinə rəhbərlik edən, Prezidentliyinin ilk günündən vəd etdiyi kimi hər bir azərbaycanlının Prezidenti olmağı ən yüksək səviyyədə gerçəkləşdirdiyini diqqətə çatdırıb. “Dövlət başçısı İlham Əliyev bütün dünyada öz xalqını hədsiz dərəcədə sevən və sonsuz bir məhəbbətlə sevilən milli lider kimi tanınıb. Prezident İlham Əliyev siyasi sələfi və atası ulu öndər Heydər Əliyev kimi daim xalqın içində olub, xalqı ilə bir yerdə sevinib, onunla birlikdə kədərlənib. 44 günlük Vətən savaşında ordumuz Ali baş Komandanın uğurlu siyasətinin nəticəsində düşmanı igidcəsinə məğlub edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə 30 illik həsrət sona yetdi, xalqımız öz doğma yurdlarına qovuşdu.Bütün bunlar bir daha təsdiq edir ki, dövlət başçısı İlham Əliyev tanrının Azərbaycana bəxş etdiyi misilsiz bir düşüncə və iradə sahibi, tükənməz liderlik sərvətidir” - deyə, Şəfa Xəlilova çıxışını yekunlaşdırıb.