“Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı
27 dekabr 2021-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimyyətinin təşkilatçılığı ilə müəllifləri İldırım Şükürzadə və Zahir Əmənov olan “Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilmişdir.
Bu münasibətlə keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açaraq kitabın rayon üçün dəyərli olduğunu göstərmiş, rayon rəhbərinin kitabın müəlliflərinə və tədbir iştirakçılarına salamlarını çatdırmışdır.
Jurnalist Zahir Əmənov kitabın ərsəyə gəlməsində əməyi olan bütün yazarlara minnətdarlıq etmiş, məziyyətlərindən danışmışdır. O, göstərmişdir ki, belə tarixi kitabların yazılışı artıq ənənə şəklini almış və arzulayardıq ki, bu ənənələr davam etsin.
Kitabın müəllifi İldırım Şükürzadə də kitabın kitabxanalar və məktəblilər üçün çox vacib olduğunu göstərmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşları (Baş redaktoru Əlihüseyn Şükürov, Həsənağa Əliyev, Rəşad Fərəcov (fotoqraf) xəbər verirlər ki, “Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, tanınmış xeyriyyəçi xanım, həmyerlimiz Arzu Bağırova, Milli Məclic deputatının köməkçisi Hacı Hekayət Nəzərov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri-Boradigah qəsəbə tam orta məktəbin direktoru, şair Nurməmməd Ağa və Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı Ələşrəf Niftiyev və başqaları çıxış edərək kitabın Masallı rayonunun tarix və mədəniyyət abidələrinin öyrənilməsi və gələcək nəslə çatdırılması yolunda çox önəmli olduğunu göstərmişlər. Qeyd edilmişdir ki, kitabda rəsmən qeydə alınmış arxeoloji, memarlıq, memorial, monumental bağ-park və dekorativ tətbiqi sənət nümunələri ilə yanaşı, bu qəbildən olub, rəsmən abidə kimi qeydə alınmamış abidələr haqqında da məlumat verilir.
Axırda kitab tədbir iştirakçılarına təqdim edilmişdir.
Kitab bu yaxınlarda Bakıda, “CBS-PP” nəşriyyatında 368 səhifədə, 300 tiraj, olduqca yüksək keyfiyyətlə, təbaşirli kağızda, müasir kitab nəşrinin son imkanlarından istifadə etməklə çox nəfis şəkildə çap olunub.
Yeni kitabda Masallının tarixi ilə bağlı hər şey – tarixi keçmişi, toponimləri, inzibati-ərazi bölgüsü, kurqanlar, qəbiristanlar, qalaları, ziyarətgahlar, hamamlar, körpüləri, bulaqlar, ləmləri...ümumiyyətlə, rayonun tarix və mədəniyyət abidələri ilə bağlı məlumat verilmişdir.