Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər yolu” sənədli filmi Masallıda nümayiş olundu

28 dekabr 2021 | 16:00

28 dekabr 2021-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində “Zəfər yolu” sənədli filminin nümayişi keçirilib.
“Masal prodakşın”-ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub.
Filmin nümayişində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Millət vəkilləri – Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhid atalarına milli qeyrət rəmzi sayılan papaqlar, analarına isə üzərində Xarı bülbül rəmzi olan kəlağayılar hədiyyə edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Xalq Teatrının rejissoru Cəmalədin Əliyev “Masal prodakşın”-ın yarandığı bir il ərzində məsuldar işləməsindən, müxtəlif səpkilərdə 4 qısametrajlı, 3 tammetrajlı sənədli film, eləcə də klip və müxtəlif növ reklam çarxları çəkməsindən danışıb. 
“Zəfər yolu” sənədli filmi haqqında danışan aparıcı bildirib ki, “Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlı kimi Masallı sakinlərinin Qələbəyə sona qədər inam bəsləməsi, onların keçdiyi zəfər yolu filmdə öz əksini tapıb”.
Sonra çıxış edən “Masal prodakşın”-ın baş direktoru, gənc jurnalist Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var.
“Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.” – deyə baş direktor qeyd edib.
Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir.
C.Cəfərov filmin ərsəyə gəlməsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov başda olmaqla köməyi keçən hərkəsə, eləcə də filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olub.
Rayon rəhbəri geniş nitqində qeyd edib ki, nə qədər ki, Azərbaycan Dövləti var, şəhidlər heç vaxt unudulmayacaqlar. Azərbaycan Dövləti də əbədı olacaqdır. Ümummilli Liderin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz onlara borcluyuq. Mən o qədər şəhidlər görmüşəm ki… Elə vaxt olurdu ki, maşın tapılırdı, benzin olmurdu.Tabut tapılırdı, parça olmurdu. Axır ki, nə isə çatmırdı. Bərdədə olanda, 90-cı illərin əvvələrində, hətta bir dəfə «Kamaz»da 87 nəfərin nəşini gətirdilər... Hamısı Bərdəli deyildi, başqa rayonlardan olan şəhidlər idi. Ölkədə vahid idarəçilik sistemi yox idi. Ordu nə qədər güclü olur-olsun, komanda yerində deyilsə orda qələbə qazanmaq olmaz… Sənədli film Zəfər qələbəmizə, Masallı şəhidlərinə həsr olunub. Allah cənab Prezidentimizin atası Ulu Öndər Heydər Əliyevi, anası Zərifə xanımı rəhmət eləsin ki, özlərindən sonra xalqa İlham Əliyev kimi siyasi varis- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan bəxş etdilər. Allah cənab Prezidentimizi bu xalqa çox görməsin, onu qorusun. Cənab İlham Əliyev başda olmaqla, şəhidlərimiz, qazilər, döyüşçülər bizə Qələbə sevincini yaşatdılar. Ona görə başınızı dik tutun, əziz şəhid valideynləri. Qazilərimiz başını dik tutmalıdırlar… Sənədli filmin nümayişini bütün məktəblərdə keçirilməsi məqsədəmüvafiqdir. Azərbaycanın yaxşı vətəndaşa ehtiuacı var. Kim olursan-ol, əgər Vətənini sevmirsənsə yaxşı vətəndaqş olmaz. Dərslər Vətən kəlməsiylə başlayıb, sonra keçilməlidir əsas dərsə, sonra Vətən sözüylə yekunlaşmalıdır.
-Şəhidlərin ruhu hər an anılmalıdır. Cəfər, sağ ol. Yaxşı filmin təsiriydi ki, hamı sakitcə baxdı..., deyə Masallı RİH başçısı bildirdi.
Qeyd edək ki, “Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, video operatoru Nurşad Bayramovdur.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşları (Baş redaktoru Əlihüseyn Şükürov və Rəşad Fərəcov (fotoqraf) xəbər verirlər ki, tamaşadan sonra şəhid ailələri ilə söhbət edən icra başçısı onları qarşıdan gələn 2022-ci il — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Keçidlər