Şəhid çavuş Rəşid Lətifovun anım mərasimi
29 dekabr 2021-ci il tarixdə Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu (MAHHXHQ) Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, Tarix elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü Musa Qasımlı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
İcra başçısı cənab Şahin Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışmışdır.
Masallı RİH başçısı cənab Şahin Məmmədov demişdir:
-Mərasim iştirakçılarını salamlayıram. Şəhid atalarına, qazilərimizə, döyüşçülərimizə dərin hörmət və ehtiramımı bildirirəm.
Bu gün Masallıda dəfn olunan şəhidlərdən 46-cısı olan çavuş Rəşid Lətifovun il mərasiminə yığışmışıq.
Qazimiz söhbətində bildirdi, dünən şəhər Mədəniyyət Mərkəzində təqdimatı olan “Zəfər yolu” sənədli filmi bizə həmin anları xatırlatdı. Filmə baxarkən sanki o anları yenidən yaşadıq. Ali Baş Komandan cənab İlham Əliyevin Əmrinə əsasən biz həmin gəncləri Orduya gülərüzlə yola salmışdıq. Gəncləri döyüşə göndərəndə deyirdim ki, gedin şəhidlərimizin qisasını alın. Sizi ölməyə yox, öldürməyə göndəririk. Vətən torpaqlarını alın, sağ-salamat geri qayıdın. Təbii ki, birinci Qarabağ savaşı ilə müqayisədə Vətən müharibəsində şəhidlərin sayı 6-7 dəfə az oldu. Birinci Qarabağ savaşında hakimyyət səriştəsi və təchizat yox idi. Təkcə bu deyildi. Mənfur erməniləri müdafiə edən dövlətlər var idi. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı, torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı, 1 milyon qaçqın-köçkünümüz, Xocalı faciəsi...olmazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həmin dövlətlər qarşısında konkret mövqe qoydu… İndi dünyada Türk dövlətlərinin böyük «Turan» birliyi yaranır. Biz mehriban qonşuluq, mehribamçılıq tərəfdarıyıq. Müharibə istəmirik… Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Onlar bir məğrurluq nümayiş etdirdilər. Mən şəhid ailələrinə təşəkkür edirəm. Mən qazilərimizə təşəkkür edirəm.
Şəhid ata-analarına mənəvi dəstək olmağa çalıçmışam. Şəhid analarının alnından öpürəm. Bu, onların böyüklüyüdür, belə də olmalıdır. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Bu gün Rəşidin ruhu bizimlədir. Rəşidlər bizə əyilən vüqarımızı və qürurumuzu qaytardılar. Rəşid kimi gənclərlə hər zaman qurur duyacağıq! Rəşid və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində Vətən torpaqları Ermənistanın işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq. Həmişə onlara borcluyuq...
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid çavuş Rəşid balamızı, bütün şəhidləri rəhmət eləsin…
Geniş və məzmunlu nitqinin axırında Masallının icra başçısı şəhidin il mərasimində Masallıları bir daha qarşıdan gələn 2022-ci il — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, sakinlərə daha uğurlu, sevincli günlər arzulayıb.
Məlumat üçün bildirirk ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olmuşdur.
2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil almışdır.
2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.
2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir.
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərmişdir.
Murovdağ istiqamətində gedən döyüşlər də iştirak edən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. 93-cü gün şəhid xəbəri gəlmişdi..
Şəhidlik zirvəsinə ucalan çavuş Rəşid Lətifovun nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru, Masallı şəhidlərinin il mərasimi ilə əlaqədar bütün yazıların müəllifi Əlihüseyn Şükürov və fotoqraf Rəşad Fərəcov il mərasimi keçirilən Tatyanoba kəndindən xəbər verir ki, həmin kənddən olan Vətən müharibəsinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhid çavuş Rəşidin ailəsi, şəxsən atası Gülməmməd, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Tatyanoba kənd qəbiristanında şəhid gizir Rəşid Lətifovun məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Çıxış edənlər şəhid barədə xatirələr danışılmış, çavuş Rəşid Güləhməd oğlu Lətifovun heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.