“20 Yanvar Ümumxalq Hüzn Günü” ilə bağlı anım tədbiri
Masallı rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar Ümumxalq Hüzn Günü” ilə bağlı anım tədbiri keçirilib
Yanvarın 17-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar – Xalqımızın hüzn, həm də şərəf günüdür” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyi, Masallı rayon Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri ilə yanaşı, rayonun fəal gəncləri də iştirak ediblər.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin əziz ruhunu, 20 Yanvar şəhidlərini və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. D. İbayeva tədbirin mahiyyəti ilə bağlı məlumat verərək bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar.
Sonra söz Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. “1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır”-deyə G. Vəkilzadə bildirib. Gülcahan Vəkilzadə çıxışına davam edərək bildirib ki, yalnız 1993-cü ildən sonra, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb.
Daha sonra Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək qeyd edib ki, ötən illər ərzində Azərbaycan dövlətinin, o cümlədən “Heydər Əliyev Fondu” nun bu faciə ilə bağlı aparıcı dünya dövlətlərinə çoxlu müraciətləri olub, Azərbaycan diasporası və xarici ölkələrdəki səfirliklərimiz tərəfindən “Qanlı Yanvar” və “Xocalı” faciələri bir çox vasitələrlə dünya ictimayyətinə çatdırılıb.
Tədbir çərçivəsində Masallı Dövlət Regional Kollecinin tələbəsi Məryəm Ələsgərli 20 Yanvar hadisələri ilə bağlı geniş mühazirə ilə çıxış edib.
Anım tədbiri digər çıxışlar və 20 Yanvar hadisələrini əks etdirən fotostendə baxışla davam edib.