Masallıda 20 Yanvar faciəsi ilə bağlı tədbir
Masallıda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.
Rayon tarix-diyarşünaslıq muzeyindəki tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli vurğulayıb ki, o qanlı gecə həlak olan vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
32 il əvvəl Bakıda törədilmiş faciədən söhbət açan digər natiqlər də bu qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi kimi xarakterizə ediblər.
Sonda tədbir iştirakçılar muzeydə 20 Yanvar faciəsinə həsr edilmiş foto-sərgi ilə tanış olublar.