“20 Yanvar-Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir
“20 Yanvar-Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Masallı Dövlət Regional Kollecin müəllim və tələbə heyyəti, Masallı Xalq teatrının üzvləri, Rayon ümumtəhsil məktəblərinin şagirdləri və Mərkəzin könüllüləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin ekspozisiya zalında yeniyetmə və gənclərin Qanlı Yanvar hadisələri ilə bağlı rəsm sərgisi ilə tanış olublar.
Anım tədbirində ulu öndər Heydər Əliyevin, xalqımızın azadlığı və müstəqilliyi yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Dilbər İbayeva mərasimi açıq elan edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin törətdikləri vəhşilikdən geniş söhbət açıb. O, bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il yad olunur, Şəhidlər xiyabanı ziyarət edilir.
Tədbir çərçivəsində Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nərmin Nərimanova 20 Yanvar qırğınından ötən 32 ildə şəhidlərimizin əbədiyaşarlığı istiqamətində görülmüş işlərdən, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, zaman-zaman başımıza gətirilən faciələrdən danışıb.
Daha sonra Masallı Xalq teatrının səhnə kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyanı təqdim ediblər. Tamaşada 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisasının alınmasına xüsusi yer verilib.