“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu
Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam edir.
19 yanvar 2022-ci il tarixdə Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı maarifləndirmə marafonu davam etdi. Növbəti ünvan Masallı rayonunun Mololon kənd orta məktəbində oldu.
Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.
Klinikanın əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər haqqında iştirakçıları marifləndirdi.
Pediatr həkim Əsli Kalbalıyeva uşaqlarda olan qurd xəstəlikləri və digər yoluxucu xəstəliklər barədə valideynləri marifləndirdi.
İnteraktiv formatda keçən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən Mololon kənd orta məktəbindən xəbər verir ki, maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.