XILDA ELEKTRİK YARIMSTANSİYASI YENİLƏNİR
Masallı Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynovdan aldığımız məlumata görə kollektiv qış aylarında daha məhsuldar çalışır. Hazırda energetiklərin əsas işi Xıl kəndindəki elektrik yarımstansiyasının müasir səviyyədə qurulmasını təmin etməkdir. Burada yeni qurğunun inşasını başa çatdıran inşaatçılar tamamlama işlərini görürlər. Stansiyada açarlar dəyişdirilmiş, təzə qurğu və avadanlıqlar quraşdırılır. Burada 35/10 kilovoltluq transformatorun quraşdırılması rayonda elektrik enerjisinin dayanıqlığını daha da yaxşılaşdıracaqdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, energetiklər rayonun Xırmandalı kəndində də elektrik təsərrüfatında geniş təmir işləri həyata keçirirlər. Kənddə 260 ədəd elektrik dirəyi basdırılmış, transformatorlarda əlavə güc mənbəyi yaratmaq məqsədilə tam yeniləndirmə işi görülür.
Ərəb, Eminli və Mollaoba kəndlərində də bu sahədə işlər davam etdirilir.