Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb
2021-ci ilin yanvar-dekabr aylarında Masallı rayonunda əhalinin əsas məşğuliyyəti hesab olunan heyvandarlıq inkişaf etmişdir. Mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının ötən ilin müvafiq dövrünə nisbətən artması bu sahənin inkişaf etdiyini göstərir.
Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redaksiyasına bildirib ki, sürüdə olan inək və camışların xüsusi çəkisi 50,0 faiz olmuşdur. 2021-ci ilin yanvar-dekabr ayları dövründə rayon üzrə mövcud iribuynuzlu mal-qaranın, qoyun və keçilərin 100,0 faizi əhali təsərrüfatlarında olmuşdur.
Mal-qaranın baş sayında olduğu kimi, məhsul istehsalının hamısı əhali təsərrüfatlarının payına düşür.
Həmin dövrdə, 2021-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,3 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,3 faiz və yun istehsalı 0,6 faiz artmışdır.