Masallıda gənc könüllülərə şəhadətnamələr verilib
16 fevral 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən bir qrup könüllülərlə görüş keçirilib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, gənc könüllülər iştirak ediblər.
Görüşü RİH başçısı Ş.Məmmədov açaraq, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatının inkişafı və bu şəbəkənin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb olunmasını vurğuladı.
Həmçinin, bildirdi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirdi.
-Hər kəsin gələcəyi öz əlindədir. Mübariz olun, cəsarətli olun. Dövlətimizə, dövlətçiliyimizə sədaqətli olun. Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla siz gənclər yeni tarix yazdınız. Bizə qürurumuzu qaytardınız. Şəhidlərin, sizin 44 günlük Vətən müharibəsindəki Qələbəniz o qədər yüksəkdədir ki, ona qətiyyən xələl gətirmək olmaz... Öndə Vətəndir, torpaqdır, Dövlətdir. Hər kəs gələcəyi üçün çalışmalıdır.., — deyə rayon rəhbəri qeyd edib.
Daha sonra çıxış edən gənclər öz təəssüratlarını bölüşərək müxtəlif tədbirlərdə, RİH-in şöbələrində, rayon Mərkəzi Xəstəxanasında aparılan əhalinin vaksinləşməsi prosesində öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.
Axırda icra başçısı Masallı Rayon İcra Hakimiyyətində və rayon Mərkəzi Xəstəxanasında təcrübə keçmiş könüllü gənclərə -Lənkəran Dövlət Universitetinin üçüncü kurs tələbəsi Fateh Xəlilzadə, Bakı Biznes Universitetinin məzunu Röyal Əzimli, Gəncə Dövlət Universitetinin məzunu Sabir Hüseynov, Ukrayna Milli Nəqliyyat Universitetinin məzunu Nazir Abdullayev, Azərbaycan Neft və Sənaye Universitetinin məzunu Vətən müharibəsi döyüşlərində 6 rayon mərkəzinin müdafiəsi iştirakçısı, 5 medallı Surət Surətzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Vətən müharibəsi veteranı, 3 medallı Elməddin Əzizov, Azərbaycan Kooperasiya Universitetinin məzunu Orxan Allahverdiyev və Dağıstan Beynəlxalq İqtisadiyyat İnstitutununun məzunu Kənan Ağazadəyə şəhadətnamələr təqdim etdi.
Qeyd edək ki, fəaliyyətini başa çatdıran gənc könüllülər Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən növbəti qrupdur.