"Narkomaniyaya yox deyək", "Erkən nikahlar", "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir
16 fevral 2022-ci il tarixində Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbdə Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya dövrününü tələbləri gözlənilməklə "Narkomaniyaya yox deyək", "Erkən nikahlar", "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarov, Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, xidmət üzrə rəis müavini, polis mayoru Elşən Talıbov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, DQİDK-nın Masallı şöbəsinin müdiri Elvin Hüseynli iştirak etmişdir. Tədbirə başlamazdan əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər. Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova öz çıxışında bildirmişdir ki, rayonun ümumi təhsil məktəblərində azyaşlı şagirdlərlə erkən nikah və onun ağır fəsadları mövzusunda ətraflı söhbətlər aparılmış, qız şagirdlərin asudə vaxtlarını səmərəli keçiməsi üçün Gənclər Evi Sosial Xidmət Mərkəzində qızlar üçün yaradılmış dərnəklər də iştirak etmələri onlara tövsiyyə edilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.