Şriftin ölçüsü :

Saytın rəngi :

Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

25 yanvar 2016 | 16:00

25 yanvar 2016-cı il tarixdə Masallı rayonu Səmidxan kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Allahverdiyevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
    H. Allahverdiyev hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, Yola saldığımız 2015-ci il xalqımızın ictimai-siyasi, mədəni həyatında əlamətdar hadisələrlə zəngin bir il kimi artıq tarixə döndü.
          Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyası kursunu ləyaqətlə davam etdirən mötərəm Prezidentimiz cənab İlham Əliyev apardığı uğurlu daxili və xarici siyasətin, düşünülmüş siyasi və iqtisadi islahatların nəticəsində Azərbaycan dövləti günü-gündən qüdrətlənir və xalqımızın rifah halı, güzaranı yaxşılaşır. Respublikada sosial, mədəni, hüquqi və digər sahələrdə olan yeniliklər dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olmuşdur.
         Regionların sosial-iqtisadi inkişafına dair “Dövlət proqramı” uğurla həyata keçirilir. Ölkə başçısının yürütdüyü hərtərəfli və düşünülmüş siyasətin düzgünlüyü,  xalqın sosial xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan konkret addımlar, verdiyi hər bir sözə əməl etməsi xalqın ona olan inamını daha da artırmışdır.
          Mötərəm Prezidentimiz İlham Əliyev daim bölgələrə səfərlər edir və hər dəfə yeni yayihələrin həyata keçirilməsinə öz imzasını atır.
         Digər bölgələr kimi mötərəm Prezidentimiz İlham Əliyev cənablarının Masallı rayonuna hər səfəri rayonumuzda bir sıra obyektlərin açılışında iştirak etməsi və öz tövsiyələrini verməsi rayonumuzun əhalisi üçün bayrama çevrilir.
        Respublikanın hər yerində olduğu kimi, doğma Masallımızda hörmətli başçımız cənab Rafil Hüseynovun rəhbərliyi altında iri miqyaslı lahiyələr həyata keçirilmiş, tikinti-quruculuq işləri görülmüş və işlər davam etməkdədir.
        Ötən 2015-ci ildə rayonumuzda məktəblər, xəstəxanalar, uşaq baxçaları əsaslı təmir edilmiş, şəhərdə əhalinin rahat istirahəti üçün park və xiyabanlar salınmış, ən ucqar kəndlərə qaz xətti çəkilmiş və yollara asfalt örtüyü vurulmuşdur. Masallı şəhərinə içməli su və kanalizasiya xətti çəkilir.
         Bu görülən işlərə görə Prezident cənab İlham Əliyevə təşəkkür və minnətdarlığımızı bildiririk
         Rayonumuzdakı inkişaf dinamikası ərazimizdə sosial-iqtisadi problemlərin həllində öz səmərəli həllini göstərmişdir.
        I Səmidxan kənd inzibati ərazi dairəsi mərkəzi I Səmidxan kəndi olmaqla 4 yaşayış məntəqəsini- I Səmidxan, II Səmidxan, Ətcələr və Alışanlı kəndlərini əhatə edir.
         Ərazinin ümumi torpaq sahəsi 1128 ha olmaqla, bundan xüsusi mülkiyyətdə 565 hektar, bələdiyyə mülkiyyətində 398 hektar, dövlət mülkiyyətində 17 hektardır. Ərazidə 972 təsərrüfat olmaqla 3555 nəfər əhali yaşayır. Yaşayış evlərinin sayı 630.
          Masallı rayon İHB-nin I Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2012-ci il tarixli648 saylı fərmanı ilə təsdiq edilmiş  “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməyə uyğun olaraq illik və rüblük iş planları əsasında qurulmuşdur.
          Kargüzarlıq işlərini isə Rayon, şəhər İcra Hakimiyyəti orqanlarında kargüzarlığın aparılması qaydalarına uyğun aparmağa səy göstərmişdir. Qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşların vəziyyəti aktlarının qeydiyyatını aparmış, vətəndaşlara onların şəxsiyyətini, ailə tərkiblərini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş sənədlər verilmişdir.
         2015-ci il üzrə nümayəndəlikdə 8 əmr verilmişdir. Əmrlərin 3-ü işçilərin növbəti məzuniyyətə çıxması və 5-i işçilərə mükafatlar verilməsi üzrə verilmişdir.
        I Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən illik və rüblük planlara əsasən səlahiyyətləri daxilində ərazi nümayəndəsi tərəfində 75 sərəncam verilmişdir. Vətəndaşların təsərrüfatdan ayrılması barədə 5,  tarixi gün və bayramların qeyd edilməsi 17, əkinlər barədə 7, gənclərin hərbi xidmətə göndərilməsi barədə 5, iş planının təsdiqi barədə 6, təhsil və mədəniyyət barədə 5, sosial tədbirlər barədə 10, digər 20 sərəncam abadlıq-quruculuq işləri və başqa məsələlər barədə verilmişdir.
          Ərazi nümayəndəliyinə verilmiş 15 ədəd 2011-2015-ci illər üçün təssərüfatbaşına kitablar  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 05 may 2010-cu il tarixli 17/11 saylı təlimatına uyğun olaraq yazılmış, qeydlər, dürüstləşdirmələr aparılmışdır.
          Nümayəndəlikdə təssərüfatbaşına uçot kitablarının düzgün yazılmasında öz işini RİHB Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi və rayon Statistika idarəsi ilə əlaqəli qurur.
        Ərazi nümayəndəliyinə vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunun tələbləri səviyyəsində baxılmış, daxil olan müraciətlərin vaxtında həll edilməsinə səy göstərilmişdir.
       Hesabat dövründə ərazi nümayəndəliyinə 16 şifahi və 15 yazılı ərizə daxil olmuşdur.
       Yazılı ərizələrin hamısı vətəndaşların təsərrüfatdan ayrılması barədə  verilmişdir. Təsərrüfatdan ayrılmaq barədə verilmiş ərizələr yerində araşdırılmış və hər bir təsərrüfatın ayrılması barədə yerində akt yazılmışdır. Daha sonra təsərrüfatdan ayrılması barədə sərəncam verilmiş və təsərrüfatbaşına kitabda ona şəxsi hesab nömrəsi açılmışdır. Hər bir ərizə barədə yekun arayış yazılmış və təsərrüfatdan ayrılmaq barədə vətəndaşa məlumat verilmişdir. Daxil olmuş 16 şifahi şikayətdən 9-u yol məsələsi,  2-si torpaq məsələsi, 4-ü yaşayış evlərinin həyətlərinin su basması barədə olmuşdur. 16 şifahi şifahi şikayət vaxtında ərazi nümayəndəsi və bələdiyyənin  köməyi ilə həll olundu. 
        Hesabat dövründə ərazi nümayəndəliyinə rayonunun müxtəlif təşkilatlarından 26 məktub daxil olmuşdur. Onlara vaxtında cavab verilərək icrası barədə yekun arayışlar yazılmışdır. Müxtəlif təşkilatlara və vətəndaşlara 96 məktub göndərilmiş, surətləri işdə saxlanmışdır.
         Hesabat ilində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun ərazinin əhalisi ilə 04 mart 2015-ci il tarixdə görüşü keçirildi. Görüş  zamanı 10 nəfər çıxış etdi: 1 nəfər Ətcələr kəndində şəhid ailəsinə ev tikintisi, 1 nəfər Ətcələr kəndində 80 ha deyilən əraziyə təsərrüfat suyunun verilməsi və aqrar sahə ilə bağlı banklar tərəfindən kredit verilməsi, 1 nəfər həyətindən trasfarmatorun çıxarılmasına köməklik göstərilməsi,  1 nəfər Seybətin-I Səmidxan yolunun təmir edilməsi, 1 nəfər I Səmidxan kəndində uşaq baxçasının təmir edilməsi, ərazidə olan yararsız elektrik naqillərinin təmir edilməsinə köməklik göstərilməsi, Səmidxan ərazisində idman meydançası üçün yerin ayrılması və Səmidxan ərazisinə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsi, 1 nəfər I Səmidxan kəndində həkim məntəqəsinin tikilməsinə köməklik göstərməsi barədə xahiş etdi. 1 nəfər II Səmidxan kənd yolunun təmir edilməsi, 1 nəfər Alışanlı kənd yolunun təmir edilməsinə köməklik göstərməsi, Səmidxan mərkəzi yolunun kənarına zibillərin atılmasının qarşısının alınmasına köməklik göstərməsi, 1 nəfər kənd yolunun təmir olunmasına köməklik göstərməsi və yetişdirdikləri tərəvəzi qəbul etmək üçün xidmət təşkilatının yaradılması, 1 nəfər I Səmidxan kənd tam orta məktəbinin yeni binasının tikilməsi barədə xahiş etdi.
        Ətcələr kəndində 80 ha deyilən əraziyə su gətirilməsi həll olundu. AzKİL-2 təşkilatı tərəfindən II Səmidxan kənd yolu təmir olundu, elektrik naqilləri təmir olundu və Səmidxan kənd tam orta məktəbinin həyətində  idman meydançası üçün torpaq sahəsi ayrıldı.
         Hesabat ilində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun ərazinin əhalisi ilə 04 noyabr 2015-ci il tarixdə görüşü keçirildi. Görüş  zamanı 6  nəfər çıxış etdi: 1 nəfər ünvanlı sosial yardım ala bilməməsi barədə, 1 nəfər həyətinin su basması barədə, 1 nəfər minnətdarlıq etdi və I Səmidxan kəndində yerləşən uşaq baxçasının açılmasına köməklik göstərilməsi, 1 nəfər kənddə su-kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar həyətini su basması, 1 nəfər minnətdarlıq etdi və Alışanlı kəndinin arxasında olan kanalın su ötürmə borusu kiçik olduğu üçün həyətini su basması və bir nəfər Səmidxan-Seybətin yolunun təmir edilməsi barədə müraciət etdi.
       I Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qanunla müəyyən olunmuş qaydada “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparmışdır. 2015-ci ildə 17 nigah, 41 doğum şəhadətnaməsi verilmiş və 10 ölüm faktı qeydiyyata alınmışdır.
       Hesabat dövründə vətəndaşların nigah bağlaması “Ailə Məcəlləsinin” təlimatına uyğun olaraq nümayəndəlik tərəfindən vaxt verildikdən sonra və gənclərin sağlamlıq haqqında həkim arayışları təsdiq edildikdən sonra onların nigahı rəsmləşdirilmişdir. Nümayəndəlik tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir.
        Doğum və ölüm şəhadətnamələrinin verilməsində bəzən müddət ötürülməsinə yol verilmişdir ki, bu da doğum və ölüm haqqında verilən tibbi arayışlar vətəndaşlar tərəfindən vaxtında verilmədiyi ilə bağlı olmuşdur.
        Əhalinin xüsusi mülkiyyətində 01 yanvar 2016-cı il vəziyyətinə 954 baş iri buynuzlu mal-qara, 2953 baş qoyun və ¬¬¬¬¬4998 baş quş vardır.
        Ərazi üzrə 2015-ci ildə paybəlli torpaq sahələrində torpaq mülkiyyətçiləri tərəfindən 305 hektar sahədə buğda, 32 hektar sahədə arpa əkilmişdir. 145 ha sahədə pomidor, xiyar, əsasən badımcan və sair tərəvəz bitkiləri əkilmişdir.
       Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əkinçilikdə əhali əsasən tərəvəzçiliyə üstünlük verir.
           Ərazinin kənd əkin komissiyası tərəfindən buğda və tərəvəz əkinləri  aparmış vətəndaşlara dövlət tərəfindən verilən supsidiyaların sənədləri vaxtında hazırlanmış və rayon əkin komissiyasına təhvil verilmişdir. Ərazidə əkin aparmış vətəndaşlara nümayəndəlik tərəfindən payızlıq buğda əkini aparılmasında  rayon Aqrolizinq xidmətindən istifadə edilmişdir.
         Hesabat dövründə əraziyə Masallı rayon İcra Hakimiyyətinin Aqrar Şöbəsinin, rayon Aqrolizinq idarəsinin nümayəndələri əraziyə dəvət edilmiş və onlar əkin aparan  vətəndaşlarla görüşmüş və onları maraqlandıran suallara cavab verilmişdir.
         Gənc nəslin təlim-tərbiyəsində, hazırlıqlı və savadlı kadırların hazırlanmasında məktəbin rolu və əhəmiyyəti əvəzsizdir. Ərazidə fəaliyyət göstərən Səmidxan tam orta, Alışanlı ümumi orta məktəblərində 299 nəfər şagird təhsil alır. Şagirdlərin təhsil və təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olur.
           Məktəblərdə “İcbari təhsil” qanununun yerinə yetirilməsi şagirdlərin dərsə davamiyyətinə nəzarət məqsədilə ərazi nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən məktəb rəhbərlərinə müntəzəm köməklik göstərilir. Məktəblərdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağıdir, görülən tədbirlərə, edilən səylərə baxmayaraq şagirdlərinin dərsələrə mütəmadi  davamiyyətində çatışmamazlıqlar davam etməkdədir.
         Ərazidə Səmidxan kənd kitabxanası fəaliyyət göstərir. Kitabxananın binası yoxdur, müvəqqəti olaraq keçmiş yararsız uşaq baxçası binasında yerləşir. Fürsətdən istifadə edərək bütün ağsaqqal və ziyalılardan bir daha xahiş edirəm ki, cəmiyyətimiz üçün gələcək nəslin savadlı və dünyagörüşlü yetişməsi işində bizə dəstək olsunlar.
           Məktəblərin qışa hazırlığı hər il oduğu kimi bu il də diqqətdən kənarda qalmamışdır. Məktəblər vaxtında duru yanacaqla təmin olunmuşdur.
          Ərazidə bir həkim məntəqəsi və bir feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Tibb işçiləri vaxtlı-vaxtında profilaktik peyvəndlər aparır, məktəblərdə şagirdləri yoxlayır, uşaqların sağlamlığından ötrü lazımı tədbirlər görülür. Elə bunun nəticəsidir ki, yolxucu xəstəliklərə təsadüf olunmur.
          Amma I Səmidxan həkim məntəqəsi üçün indiyə kimi binasının olmaması tibb işçilərinin əhaliyə normal xidmət göstərməsində çətinliklər yaradır. Səmidxan həkim məntəqəsi  I Səmidxan kəndində yerləşən təmirsiz, keçmiş uşaq baxçasında müvəqqəti yerləşsə də, hətta məntəqəyə heç bir tibbi avadanlıqlar verilməmişdir.
          2016-cı ildə Səmidxan həkim məntəqəsi üçün yeni binanın tikilməsi planlaşdırılmışdır.
         Bununla belə  Səmidxan həkim məntəqəsi və Alışanlı feldşer-mama məntəqəsinin rəhbərləri öz maddi-texniki bazalarının yaxşılaşdırılması üçün rayon mərkəzi xəstəxanasının rəhbərliyi ilə müvafiq tədbirləri görməlidirlər.
        Səmidxan ərazisində 1 ATS fəaliyyət göstərir. 205 abonentə xidmət göstərir. Əhali ATS-in xidmətindən razıdır.
        Ərazidə əsas enerji mənbəyi elektrik enerjisidir. 624 abonent elektrik enerjisindən istifadə edir. İstifadə olunan enerjinin pulu vaxtında ödənilir.
         Buna baxmayaraq bəzi vətəndaşlar istifadə etdikləri enerjinin haqqını vaxtında ödəmirlər.
         Etiraf edək ki, hesabat ilində elektrik enerjisinin verilməsi ilə bağlı qəzalı halları nəzərə almasaq, ərazidə demək olar ki, heç bir ciddi narazılıqlar olmamışdır.
        Ərazidə olan elektrik təsərrüfatından narahatlıq, əsasən istismar dövrünü başa vurmuş elektrik dirəkləri  və elektrik naqillərinin köhnəlməsidir.
        Ərazinin  bütün kəndlərinin əhalisi mavi yanacaqla təmin olunmuşdur. 620 abonent var. Ətcələr və Alışanlı kəndləri ötən ildə qazla təmin olunmuşdur.
       Baş verə biləcək təbii fəlakətlər və fövqəladə hadisələr gündəlik həyatımızda baş verən gözlənilməz yanğınlar vətəndaşların daşınmaz əmlakına ziyan vurur və onları çətin vəziyyətə salır. Bunun üçün daşınmaz əmlakın sığorta olunması vacib şərtdir. Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı əsasında tərəfimizdən bu məsələ ilə əlaqədar vətəndaşlar maarifləndirilmiş və qeydiyyat kitabı açılmış, həmin şəxslərə imza etdirilmişdir. Buna baxmayaraq vətəndaşlarımız bu işə laqeyd münasibət göstərirlər.
        Ərazimizin vətəndaşları dövlətimizə və dövlətçiliyimizə sədaqətli insanlardır. 01 noyabr  2015-ci ildə  keçirilmiş Milli Məclisə seçkilərdə 3 seçki məntəqəsi hazırlanmış, məntəqələr bütün tüxniki avadanlıq və ləvazimatlarla təchiz edilmiş, seçki siyahıları dürüstləşdirilmişdir. 
        I Səmidxan ərazi nümayəndəliyi də öz öhdəliyinə düşən vəzifələri bacarıqla həyata keçirmiş, ərazidə fəaliyyət göstərən seçki məntəqələrini yüksək səviyyədə təşkil etməklə, seçkinin mütəşəkilliyinə və demokratik şəraitdə keçməsinə bütün köməkliyini göstərmişdir.
        Hesabat dövründə ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə fəaliyyət qurmağa çalışmışdır. Buna misal olaraq ərazi nümayəndəliyi bələdiyyə və kənd icması ilə birgə ərazinin kəndlərinin kəndaxili yolları çınqıl daşla təmir edilmiş, istirahət parkında işlərin görülməsində birgə fəaliyyət göstərilmişdir.
        Ərazi nümayəndəliyi ilə bələdiyyənin birgə fəaliyyəti kommunal xidmətlərin təşkili ərazidə yarıtmaz olmağının səbəbi rayon Kommunal Xidmətləri Təşkilatı ilə işini qura bilməməsidir.
         Kənd əhalisinin maddi rifah halının yüksəlməsi, sosial-məişət problemlərinin həlli qarşımızda duran ümdə vəzifədir. Ərazidə milli və dini bayramlar xüsusi qeyd olunur. 7 şəhid ailəsi, 3 nəfər Çernobl iştirakçısı, 2 nəfər Qarabağ əlili, tənha yaşayan və imkansız ailələr daim qayğı ilə əhatə olunurlar. Bayram günlərində şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl iştirakçıları, tənha və imkansız ailələrə  Masallı rayon İcra Hakimiyyəti ərazi nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən həmişə maddi yardımlar verilmiş, onların evlərinə baş çəkilmişdir.
           Ərazidə dindarların ibadət etmələri üçün 5 məscid fəaliyyət göstərir. Məscidlərdə dini bayramlarımız təntənə ilə qeyd olunur, ehsanlar verilir, şəhidlərin ruhuna dualar oxunur.
         Müstəqilliyimiz uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsini daim əziz tutaraq “20 Yanvar” qanlı faciəsini və onu törədənləri xalqa tanıtmaq, 26 fevral Xocalı soyqırımının dünyada tanınması, 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə, eyni zamanda Qarabağ uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi məqsədilə ərazidə  əhali arasında müntəzəm görüşlər keçirilmiş, məktəblərdə və kənd kitabxanalarında müxtəlif tədbirlər keçirilmişdir.
        Bütün Azərbaycan xalqının bir ağrılı dərdi var. Erməni işğalçıları və onların havadarları tərəfindən işğal olunmuş 20% torpaqlarımızın hələ də işğal altında olmasıdır. Bu məsələnin tezliklə həll olmasından ötəri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi  dövlətimiz güclü orduya malik olmalıdır. Ona görə də ərazidə, məktəblərdə gənc yeniyetmələrlə hərbi vətənpərvərlik mövzusunda geniş izahat işləri aparılır. Əvvəlki illərdən fərqli olaraq ərazidə gənclərin hərbi xidmətə hazırlanması və yola salınması yüksək səviyyədədir. Əminik ki, bu vacib və əhəmiyyətli iş bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.
         Ərazi nümayəndəliyi tərəfindən ərazidə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımı tədbirlər keçirilmişdir. İdman meydançasında futbol, voleybol və digər növlər üzrə idman yarışları keçirilmişdir. I Səmidxan kəndinin mərkəzində bələdiyyə tərəfindən tikilmiş istirahət parkında gənclər asudə vaxtlarının səmərəli keçirilməsi üçün istifadə edirlər.
         I Səmidxan ərazi nümayəndəliyi ərazidə qanunçuluğun qorunması üçün mütəmadi olaraq inzibati və hüquq  mühafizə orqanlarıyla birgə tədbirlər keçirmiş, əhali arasında qanunun pozulma hallarının qarşısının alınması üçün tədbir görülmüşdür. Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü məktəblərdə, həmçinin ictimaiyyət arasında kənd ağsaqqallarının və ziyalıların, aidiatı təşkilatların iştirakı ilə yığıncaqlar keçirilir. Əgər belə hallar baş verərsə bu barədə vaxtında lazımı orqanlara məlumat verilir.
          Ərazidə 9 nəfər vətəndaş tərəfindən payıbəlli torpaqlarda 1993-1994-cü illərdə qeyri-qanuni yaşayış evləri tikilmişdir. Bu barədə torpaq mütəxəssisləri ilə birgə aktlar tərtib olunmuş və Masallı rayon Məhkəməsinə müraciət olunmuşdur.
          41,12 ha bələdiyyəyə məxsus həyətyanı torpaq 235 nəfər vətəndaş tərəfindən zəbt olunmuşdur. Bundan 32 nəfər vətəndaş bələdiyyə ilə alqı-satqı aparmış, sənədləşmə işi aparmışdır. 20 nəfər isə zəbt olunmuş torpaqları sənədləşdirmək üçün bələdiyyəyə müraciət etmişdir.
          Ərazidə bir sıra 2015-ci il ərzində bir sıra quruculuq-abadlıq işləri aparılmışdır.
            Ərazinin Ətcələr və Alışanlı kəndlərinin əhalisi mavi yanacaqla – qazla təmin olunmuşdur. Hər bir ev hazırda qazdan istifadə edir.
           II Səmidxan kəndinin 3,5 km kəndaxili yolları AzKİL-2 təşkilatının, kənd icma qrupunun, ərazi nümayəndəliyi və bələdiyyənin birgə dəstəyi ilə çınqıl daşı ilə təmir olunmuş, Ətcələr kənd qəbirstanlığının ətrafı kol-kosdan təmizlənmiş, ətrafı dəmir lövhəciklə hasarlanmış, giriş qapısı düzəldilmiş və qəbirstanlığın ərazisində yerləşən talvar təmir olunmuşdur.
         Qarşıda çoxlu vəzifələr və görüləsi işlərimiz vardır. 2016-cı ildə, ərazidə aşağıdakı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
        Seybətin-Alışanlı kənd yolunun qalan hissəsinin asfaltlaşdırılması, I Səmidxan, Ətcələr və Alışanlı kəndlərinə içməli şirin su xəttinin çəkilməsi, I Səmidxanda həkim məntəqəsinin tikilməsi, Səmidxan tam orta məktəbi üçün yeni binanın tikilməsi, Alışanlı ümum orta məktəbi üçün yeni binanın tikilməsi, Səmidxan kənd uşaq baxçasının əsaslı təmiri, İnzibati ərazi dairəsi üzrə ərazi nümayəndəliyi üçün inzibatı binanın tikilməsi.
         Hesabatla ərazidə görülmüş işlərdən və problemlərdən qısa da olsa məlumat verdim.
        Hesabatda ola bilər ki, bütün sahələrə toxuna bilmədim. Lakin əminəm ki, çıxış edənlər qeyd olunmayanları yada salacaqlar və bununla da ümumi işimizə kömək etmiş olacaqlar.
        Sizi əmin edirəm ki, hesabat dövründə gördüyümüz işlərlə yanaşı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə diqqəti artıracağıq. Biz görülən işlərlə kifayətlənmirik, işdə olan nöqsanları  və problemləri bir daha müzakirə edəcək, onları aradan qaldırılmasından ötrü səy və bacaracağımızı əsirgəməyəcəyik.
        I Səmidxan ərazi nümayəndəsi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə uyğun olaraq öz öhdəsinə düşən vəzifə səlahiyyətlərinin vaxtında yerinə yetirilməsində ərazinin sosial-iqtisadi inkişafında rayon İcra Hakimiyyəti Başçısının əmr, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin ardıcıl və layiqincə həyata keçirilməsinə bütün qüvvəsini sərf edəcəkdir.

Keçidlər