Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa – Qafqazın sənət məbədi” intellektual yarışı

01 mart 2022 | 16:00

Masallı məktəbliləri arasında “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində intellektual yarış keçirilib.

Martın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr olunmuş “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində məktəblilər arasında intellektual bilik yarışı təşkil edilib.

Bilik yarışında Masallı şəhər 1, 2, 3 saylı tam orta məktəbləri, Mahmudavar kənd tam orta və Dəmirçi kənd ümumi orta məktəblərin 8-11-ci sinif şagirdləri mübarizə aparıblar. Hər birində 5 şagird olmaqla, 5 məktəb komandası iştirak edib. Yarış 1 turdan ibarət olub.

Şagirdlər arasında keçirilən yarışa başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadənin moderatorluğu ilə davam edən yarışda mədəniyyətimizin paytaxtı Şuşa şəhəri ilə bağlı suallar səsləndirilib. Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Həbib Ağayev və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevadan ibarət münsiflər heyəti cavabları qiymətləndirib.

Nəticələrə əsasən, Mahmudavar kənd tam orta məktəbin komandası qalib olub.
Tədbirin sonunda intellektual bilik yarışının bütün komandalarına fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub. Qalib komanda isə “Fəxri Fərman”la təltif edilib.

Keçidlər