“Narkomaniya ağ ölümdür” başlığı altında tədbir
Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya ağ ölümdür” başlığı altında tədbir keçirilib.
Tədbirddə çıxış edən Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, Mərkəzi Kitabxanada və kənd filiallarında narkomaniya mövzusunda mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, videoçarxlar, bukletlər hazırlanır. Tanınmış ziyalılar, dindarlar, mütəxəssislər qonaq qismində maarifləndirmə işlərinə cəlb edilirlər.
Məruzə ilə çıxış edən digər kitabxana əməkdaşı Rasif Dadaşov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, narkomaniya daha çox inkişaf etməkdə olan ölkələrdə yayılmaqdadır. Cünki, inkişaf nəticəsində artan gəlirlərdən narkomaniya da öz payını almaq üçün mübarizə aparır. Turizmin inkişaf etdiyi bölgələrdə bu risk xüsusilə yüksəkdir. Narkomaniyanın yayılmasına ən başlıca səbəbi laqeydlikdir. O, vurğulayıb ki, müstəqilliyimizin ilk günlərindən cəmiyyətin əsas problemlərindən olan narkomaniyaya qarşı ciddi mübarizəyə başlanılmışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə bu mübarizə artıq sistemli şəkildə aparılmağa başladı. Bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan beynəlxalq konvensiyalara qoşuldu. Dövlət Proqramları qəbul edildi. Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə narkomaniyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.