Rayon İcra hakimiyyətinin başçısının IX-X və XI sinif şagirdləri ilə görüşü
Rayon İcra hakimiyyəti başçısının tərtib etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində IX-X və XI sinif şagirdləri ilə görüşlər keçirilir. Belə tədbirlərdən biri də 08 fevral 2013-cü il tarixində R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində təşkil olunmuşdur.
Gənclərlə görüşdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, Rayon Təhsil şöbəsinin müdiri Astan İbişov və məktəbin direktoru Mirqabil Hüseynov çıxış etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov iştirakçıları salamlamış və öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili üçün rayonda bir sıra işlər görülmüş və görülməkdədir.
Görülən işlərdən misal olaraq Heydər Əliyev Parkının yenidən qurulmasını, yeni xiyabanların salınmasını, taekvando və boks idman mərkəzlərinin tikilməsini, məktəblərin təmir və tikintilərinin gənclər üçün tikildiyini qeyd etmiş və zərərli vərdişlərdən uzaq olması üçün bunun bir vasitə olduğunu demişdir.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov eyni zamanda qeyd etmişdir ki, biz yeni qurulmuş dövlətimizi Azərbaycan gəncliyinə əmanət edib dövlət quruculuğunu və onun idarə edilməsi üçün sağlam və yüksək intellektual səviyyəsi yüksək olan gənclərimizə arxayın olmaq üçün bugünkü gəncliyin daha da bacarıqlı olmağı üçün əlimizdən gələni əsirgəmirik. Ona görə də dövlət başçısı gəncliyi daima diqqət mərkəzində saxlayır və onlara lazım olan qayğıları göstərir.
Gənc müəllimlərdən Arzu Müzəffərli, İrina Korolyova, Nahidə Əliyeva, Ofelya Qafarova, X sinif şagirdi Aybəniz Bəhrəmova, XI sinif şagirdi Vüsal Əkbərov, rus bölməsinin X sinif şagirdi Cəmil Alışov çıxış edərək məktəbin idman alətləri ilə təmin olunmasını, respublikanın tarixi yerlərinə ekskursiyaların təşkil edilməsini, məktəbin musiqi alətləri ilə təmin olunmasını, məktəblərin projektorlarla təmin olunması, rayonda televiziya və radio verilişlərinin yaradılmasını, xaricdə yaşayan şagirdlərlə görüşlərin daha da əhəmiyyetli olmasını və məktəblərin əksəriyyətində İbtidai Hərbi hazırlıq sinifləri üçün müasir əyani vəsaitlərin və atıcı silah nümunələrinin olmaması kimi təkliflərinivermişlər:
Şagirdlərin suallarını rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin müdiri Astan İbişov və məktəbin direktoru Mirqabil Hüseynov cavablandırmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov gənclərə görüşdə aktiv iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirmişdir.
Görüşdə 250 şagird və 72 gənc müəllim iştirak etmişdir.