Masallı Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Günü
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş ”Qadın və cəmiyyət” adlı bayram tədbiri keçirildi. Tədbirdə şəhid anaları, rayonun ziyalı qadınları, “Asan xidmət” nümayəndələri, yeniyetmə rəssamlar və təşkilatçı müəssisələrin əməkdaşları iştirak etdilər.
Tədbir Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başladı.
Muzeyin direktoru Əntiqə Tağıyeva ilk öncə tədbirdə iştirak edən şəhid anaları timsalında bütün Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik etdi. Ə. Tağıyeva ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən qadınlarımız ikiqat diqqətə layiqdirlər dedi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir söylədi.
İki qəhrəman şəhidin anası Ziba Əsgərli bütün şəhid anaları adından onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. Ziba ana qeyd etdi ki, bu gün biz şəhid anaları övladlarımızla fəxr edirik, qürur hissi duyuruq. Övladlarımız vətən yolunda ən uça zirvəyə yüksələrək biz analarının, yaxınlarının başını uca tutdular. Eyni zamanda, bizlərə olan qayğını, diqqəti görəndə ruhlanırıq ki, igid oğul və qızlarımız unudulmurlar.
Sonra Həsənli körpələr evi və uşaq bağçasının müdiri Nazilə Hüseynova ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından danışdı. Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova isə çıxışında milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamadadır söylədi.
Sonra Masallı rayon Əlil Qadınlar cəmiyyətinin şöbə sədri Əminə Abıyeva tədbir iştirakçısı olan bütün xanımları cəmiyyət adından təbrik edərək, bundan sonra da Azərbaycan qadınlarının gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə diqqət yetirərək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvəsini, bilik və bacarığınızı əsirgəməyini tövsiyə etdi.
Muzeyin əməkdaşı Sevinc Əliyeva məruzəsində bildirdi ki, bütün şəhid anaları, xanımları bizim üçün dəyərli və əzizdirlər. Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər.
Daha sonra Qalereyanın direktor işini icra edən Təhmasib Məcidov hər birimizin yaşadığımız həyatda, cəmiyyətdə qadın qayğısına, qadın nəvazişinə ehtiyacımız var dedi. O, xanımları bayram münasibətilə təbrik edərək, bizə həyat verənlərin dəyərini bilək və analarımızın xanımlarımızın, bacılarımızın qeydinə qalaq söylədi.
Tədbirdə iştirak edən bütün xanımlar təşkilatçılar tərəfindən hədiyyələrlə, yeniyetmə rəssamlar isə Təşəkkürnamə ilə təltif olduqdan sonra Qalereyada məktəblilərin əlişlərindən ibarət 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş rəsm sərgisi ilə tanış oldular.