Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

28 yanvar 2016 | 16:00

 “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı qrafikə uyğun olaraq yanvarın 28-də Masallı şəhər N. Gəncəvi adına Mədəniyyət evində keçirilmişdir.
               Masallı şəhər N. Gəncəvi adına Mədəniyyət evində təşkil olunmuş hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, şəhər sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
               Əvvəlcə Masallı şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Kamal Mazanov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2015-ci il ölkəmiz üçün siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahələrdə uğurlu il olmuşdur. Dünya ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da inkişaf etmiş və bu özünü xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərdə göstərmişdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, ölkəmizin dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlmişdir. Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Bu bir daha təsdiqləyir ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident cənab İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur.
Son illərdə Masallı şəhərində çox geniş abadlıq, quruculuq işləri, dövlət layihələri həyata keçirilmişdir.  Masallı rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun təşəbbüsü ilə şəhər yolları genişləndirilmiş, işıqlandırılmış, şəhərə xüsusi gözəllik verən və böyük əhəmiyyət daşıyan binalar inşa olunmuşdur. Belə ki, Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli istiqamətində su və kanalizasiya xətlərinin çəkilməsi, Viləş Park Bulvar kompleksinin, region üçün həyati əhəmiyyət daşıyan “Asan Həyat” kompleksinin, Masallı rayon Məhkəməsinin yeni binasının tikilməsi Masallı üçün çöx böyük bir hadisədir.  Şəhərimizdə görülmüş və görüləcək bütün işlərə görə Masallı sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hörmətli başçımız cənab Rafil Hüseynova minnətdarlığımızı bildiririk.
    Bildiyiniz kimi 2013-cü ildə Masallı şəhər inzibati ərazisində qismən dəyişiklik edilmişdir. Dəyişiklik nəticəsində Masallı şəhərinin ərazisi genişləndirilərək 2554 ha olmuşdur. Masallı şəhər ərazisində 25375 nəfər əhali, 6002 təsərrüfat və 7143 yaşayış evi vardır. Şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey, 4 uşaq bağçası, 1 incəsənət məktəbi, 1 Uşaq yaradıcılıq mərkəzi, 3 Uşaq-Gənclər idman məktəbi, 4 istirahət parkı, bayraq meydanı, xatirə parkı, böyük ticarət mərkəzləri, 7 şadlıq evi, 10 məscid, müxtəlif dövlət və qeyri dövlət müəssisələri, Avtovağzal,  Mehmanxanalar, yanacaq doldurma məntəqələri, İdman Olimpiya Kompleksi, “EMBAWOOD” Mebel fabriki, "Nur-M” konserv zavodu, kərpic zavodları, müxtəlif sayda çörək sexləri və digər əhəmiyyətli obyektlər yerləşir.
Nümayəndəlik ötən il ərzində işini yerli icra hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq qurmuşdur. Masallı rayon İcra Hakimiyyətinin Başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirməyə çalışmışdır. Nümayəndəlik öz vəzifə və səlahiyyətləri çərçivəsində ərazidə fəaliyyət göstərən bələdiyyə və dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti təmin etmək üçün təsdiq edilmiş illik, rüblük iş planları hazırlamış və həmin təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir.
Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hesabat dövründə 20 əmr və 36 sərəncam vermişdir. Verilmiş əmrlər tender komissiyasının yaradılması, işçilərin məzuniyyətə  buraxılması və mükafatlandırılması, işə qəbulla bağlı olmuşdur. Sərəncamlar isə rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn məsələlərin yerinə yetirilməsi, tarixi gün və bayramların qeyd olunması, təsərrüfatdan ayırmalar, vəzifə bölgüsünün aparılması, həqiqi hərbi xidmətə çağırışın yerinə yetirilməsi ilə bağlı olmuşdur. Verilmiş əmr və sərəncamların icrasına tam nəzarət edilmiş, irəli gələn vəzifələrin həll edilməsinə səy göstərilmişdir.
2015-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə idarə, təşkilat və müəssisələrdən 76 müraciət daxil olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlər əsasən Məhkəmə icraçılarından, Polis, Prokurorluq orqanlarından və digər təşkilatlardan olmuşdur. İdarə, təşkilat və müəssisələrdən daxil olan müraciətlərə baxılmış, vaxtında cavab məktubları göndərilmiş və yekun arayışlar hazırlanaraq işə alınmışdır. 
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.
Nümayəndəlik ötən il ərzində vətəndaşlarla aktiv iş aparmışdır. Belə ki, nümayəndəliyə vətəndaşlar tərəfindən rəsmi olaraq müraciətlər edilmiş, nümayəndəlikdə onların qəbulu həyata keçirilmiş, şikayətləri dinlənilmiş, sosial əhəmiyyətli sifarişlər öyrənilmişdir. Ötən il ərzində inzibati ərazimizdən nümayəndəliyə vətəndaşlar tərəfindən 9 yazılı, 82 şifahi müraciətlər daxil olmuşdur. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq edilmiş müraciətlər nümayəndəlikdə baxılmışdır.
Vətəndaşlar tərəfindən daxil olan 9 yazılı müraciətlərdən 3 müraciət təsərrüfatdan ayırma, 1 müraciət Digah küçəsində yaşayış sahəsinə gedən yolun həmqonşusu tərəfindən bağlanması, 1 müraciət faizə götürülmüş pulun qaytarıla bilməməsi və borc verən tərəfindən hədələnməsi, 3 müraciət Talışxanov və Xətai küçələrində kanalizasiya xətlərinin çəkilmədiyi bir neçə fərdi yaşayış evlərinə kanalizasiya xəttinin çəkilməsinə köməklik edilməsi, digər müraciət isə Talışxanov küçəsində kommunal binaların arxasında yerləşən obyektin binanın girişinə maneçilik törətməsi olmuşdur. Edilmiş müraciətlərdən, o cümlədən  təsərrüfatdan ayırma qanunamüvafiq olaraq icra olunmuşdur. Digah küçəsində yolun bağlanması müraciəti ilə əlaqədar yaradılmış komissiyanın iştirakı ilə bağlanan yol açılmış və yolu bağlayan Digah sakini Məmmədov Məmməd Yadulla oğlu barəsində qanunamüvafiq qaydada tədbir görülmüşdür. Bu barədə vətəndaşlar rəsmi olaraq məlumatlandırılmışdır. Faizə götürülmüş pulun qaytarıla bilməməsi və borc verən tərəfindən hədələnməsi müraciəti ilə əlaqədar borclu olan şəxs M.F.Axundov küçəsində yaşayan Babayev İlyas Qurban oğlu ilə görüşülmüş, onunla ətraflı söhbət aparılmışdır. Müraciətdə inzibati məsuliyyət olduğundan Ona inzibati orqana müraciət etməsi tövsiyyə olunmuşdur. Talışxanov və Xətai küçələrində bir neçə fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə köməklik göstərilməsi müraciəti ilə əlaqədar həmin evlərin layihəyə salınması məqsədilə podradçı Eser şirkətinə müraciət olunmuşdur. Talışxanov küçəsində kommunal binaların arxasında yerləşən obyektin binanın girişinə maneçilik törətməsi müraciəti ilə əlaqədar həmin əraziyə komissiya şəklində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin tikili 1992-ci ildə inşa olunmuş və binanın arxasında olduğu üçün gediş-gəlişə maneçilik törətmir. Bu barədə müraciət edən vətəndaşa rəsmi olaraq məlumat verilmişdir.
82 şifahi müraciətlərdən isə 26 müraciət küçələrin təmir edilməsi, 15 müraciət ailə vəziyyətinin ağır olması ilə bağlı maddi yardımın verilməsi, 3 müraciət fərdi yaşayış evinin təmiri ilə bağlı tikinti materialının verilməsi, 2 müraciət gediş-gəliş üçün istifadə olunan yolun qonşusu tərəfindən bağlanması, 4 müraciət küçələrin işıqlandırılması, 1 müraciət İsgəndərli ərazisində məzarlıq üçün torpaq sahəsinin ayrılması, 2 müraciət paybəlli torpaq sahəsindən istifadə edilməsinə həmqonşusu tərəfindən imkan verilməməsi, 2 müraciət həyətyanı sahənin su basması, 2 müraciət hasarın təhlükəli vəziyyətdə olması, 1 müraciət Digah küçəsində qanunsuz olaraq yola girilməsi, 2 müraciət işlə təmin olunmasına köməklik, 1 müraciət kanalizasiya xəttinin evinə çəkilməməsi, 1 müraciət evinin uçması, 20 müraciət isə sair müraciətlərdən ibarət olmuşdur. Edilmiş şifahi müraciətlərdən, o cümlədən küçələrin təmir edilməsi müraciətləri ilə əlaqədar Masallı rayon İcra Hakimiyyəti, podratçı ESER şirkəti ilə birlikdə qrafik hazırlanmış və bu qrafikə uyğun olaraq şəhərin bir çox küçələrinə qrabil tökülmüş və gediş-gəliş üçün şərait yaradılmışdır. Hal-hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Ailə vəziyyətinin ağır olması müraciətləri ilə əlaqədar müraciət edən vətəndaşlara daxili imkanlar hesabına müvafiq maddi yardımlar edilmişdir. Tikinti materiallarının verilməsi ilə bağlı müraciət etmiş vətəndaşlar ərazidə aparılmış müəyyən söküntü işləri zamanı çıxarılan və onlara lazım olan tikinti materialları ilə təmin edilmişdir. Dadva məhəlləsində və R.Axundov küçəsində gediş-gəliş üçün istifadə olunan yolun qonşusu tərəfindən bağlanması müraciətlərilə bağlı yolu bağlayan vətəndaşlarla görüşülmüş, işin qanuni tərəfləri onlara izah olunmuşdur.  Hal-hazırda Dadva məhəlləsində bağlanmış yolun açılması üçün Məhkəmədə işə baxılır. R.Axundov küçəsində isə fərdi yaşayış evi tikilərək qonşusunun yolunu bağlamışdır. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Tərtib olunmuş akt inzibati komissiyada baxılmış və qanunsuz tikinti işləri görən şəxsin cərimə olunması barədə qərar qəbul olunmuşdur. Küçə işıqlandırılması ilə bağlı edilmiş müraciət ilə əlaqədar Füzuli küçəsində işıq dirəyi bərpa edilmiş, Z.Quliyev küçəsi ilə Qurtuluş küçəsini birləşdirən dəmir körpünün və B.Məmmədov küçəsinin işıqlandırılması ilə bağlı vətəndaşlara izah olunmuşdur ki, həmin küçələrin işıqlandırılması 2015-ci ildə nəzərdə tutulmamışdır və 2016-cı ildə həmin küçələrin abadlaşdırılması nəzərdə tutularsa bu işə baxılacaqdır. İsgəndərli ərazisində məzarlıq üçün torpaq sahəsinin ayrılması müraciəti ilə əlaqədar vətəndaşlara izah olunmuşdur ki, İsgəndərli ərazisində yeni məzarlıq salınmışdır. Boş torpaq sahəsi olmadığından əlavə məzarlığın salınması mümkün deyildir. Seybətin və Dadva ərazilərində paybəlli torpaq sahəsindən istifadə edilməsinə həmqonşusu tərəfindən imkan verilməməsi müraciəti ilə əlaqədar hər iki ərazidən olan şəxslərlə görüşülmüş, müvafiq izahat işləri aparılmış və paybəlli torpaq sahələri sahiblərinin istifadəsinə verilmişdir. Hal-hazırda həmin ərazilərdə heç bir narazılıq yoxdur. İsgəndərli və Digah ərazilərində yerləşən həyətyanı sahələrin intensiv yağan yağışlar nəticəsində su basması müraciəti ilə əlaqədar həmin ərazilərə texnika cəlb edilərək sular həyətyanı sahələrdən kənarlaşdırılmışdır. Təhlükəli vəziyyətdə olan hasarların bərpa edilməsi müraciətləri ilə əlaqədar həmin ərazilərdə aparılan abadlıq zamanı hasarlar bərpa olunmuşdur. Digah küçəsində yola girilməsi müraciəti ilə əlaqədar həmin əraziyə gedilmiş və yolun üzərində tikilməkdə olan hasar sökdürülərək geri çəkdirilmişdir. İşlə təmin olunması müraciətləri ilə əlaqədar vətəndaşlara izah olunmuşdur ki, gələcəkdə ərazidə onlara münasib hər hansı bir işə ehtiyac olarsa həmin işlə təmin olunmasına köməklik göstəriləcəkdir. Bununla bağlı Məşğulluq mərkəzinə müraciət etmələri də tövsiyyə olunmuşdur. R.Axundov küçəsində fərdi yaşayış evinə kanalizasiya xəttinin çəkilməməsi müraciəti ilə əlaqədar Eser şirkətinə müraciət olunmuş və həmin evə kanalizasiya xətti çəkilmişdir. Qurtuluş küçəsində evin uçması müraciəti ilə əlaqədar evə baxış keçirilmişdir. Ev uzun müddət istismar olunduğundan və fiziki köhnəlmədən qəzalı vəziyyətə düşmüşdür. Bu barədə akt tərtib olunmuş və baxılması üçün rayon Fövqəladə Hallar komissiyasına göndərilmişdir.
Ötən ildə Masallı rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Masallı şəhər ərazisində 2 dəfə şəhər sakinləri ilə səyyari görüş keçirmişdir. Tədbirdə şəhər sakinlərindən 8 nəfər müraciət edərək öz təkliflərini vermişlər. Edilmiş 8 müraciətdən 6-sı icra olunmuş, 2 müraciətlə bağlı izahat verilmişdir.
2015-ci ildə Masallı şəhər ərazisindən yuxarı təşkilatlara 282 müraciət edilmişdir. Yuxarı təşkilatlardan, o cümlədən Prezident Administrasiyasına 86, rayon icra hakimiyyətinə 163, digər təşkilatlara isə 33 müraciət edilmişdir. Edilmiş müraciətlər əsasən təhsil, sahibkarlığın inkişafı, mənzil, tikinti, əmək, ailə məişət, maddi yardım, torpaq, yol və s. məsələlərdən ibarət olmuşdur.
Masallı rayon icra hakimiyyəti başçısı aparatında keçirilən qəbullar zamanı Masallı şəhər inzibati ərazisindən 240 nəfər müraciət etmişdir. Edilmiş müraciətlər əsasən ünvanlı sosial yardımın verilməsinə köməklik edilməsi, tikintinin sənədləşdirilməsi, maddi yardım olunması, işsizlik, xəstəliyin müalicəsi ilə bağlı, qaz xəttinin bərpa edilməsi, həyətyanı torpaq sahəsinin ayrılması, yolların təmir edilməsi, fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi və sair müraciətlərdən ibarət olmuşdur. Edilmiş müraciətlərə Masallı rayon İcra hakimiyyətində qanunamüvafiq qaydada baxılmış, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər həll edilmiş, səlahiyyətə aid olmayan məsələlər barəsində vətəndaşlara izahat və tövsiyyələr verilmişdir. Məlumat üçün bildirirəm ki, 240 nəfərdən 25 nəfəri təkrar müraciət edən vətəndaşlardır. Həmin vətəndaşların müraciətlərinin həll olunmasına və müvafiq izahat və tövsiyyələr verilməsinə baxmayaraq təkrar müraciətlər etmişlər. Onlardan bəzilərinin adlarını sadalamaq istərdim. Aybəniz Abuşovanı, Valeh Babayevi, İfadə Şükürovanı, Minayə Əsgərovanı, Əsli Şiriyevanı, Nazxanım Əliyevanı, Elmira İmanovanı göstərmək olar. Onlara dəfələrlə qaldırdıqları (iş, torpaq, yol, mənzil, qaz xəttinin bərpası, maddi yardım) məsələlər  barəsində izahatların verilməsinə və yardımlar edilməsinə baxmayaraq təkrar müraciətlər etmişlər.
Ötən il ərzində təsərrüfat üzvləri haqqında məlumatların əldə edilməsi məqsədilə sakinlərin yaşadığı ünvanlara gedilmiş, fərdi qaydada söhbətlər aparılmışdır. Ərazidə olan fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.
  2015-ci ildə Masallı şəhərində geniş abadlıq, tikinti-quruculuq işləri görülmüş, şəhərin görünüşü günü-gündən dəyişmiş, küçə və yollar genişləndirilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmış, piyada yolları müasir tipli plitələrlə örtülmüşdür.
Belə ki, şəhərin əsas mərkəzi küçələrindən biri olan Nizami Gəncəvi (keçmiş M.Talışxanov)  küçəsi Olimpiya kompleksindən Taekvando mərkəzinə qədər olan məsafə genişləndirilmiş küçənin sağ və sol hissələrinə  2500 metr təzə bordür düzülmüş, 690 ədəd köhnə betan bordür isə bərpa edilmişdir. Düzülmüş bordürlərin içəriləri isə torpaqla doldurulmuşdur. Bundan başqa küçədə piyada səkilərinə 2200 p/m park bordürü, 1825 m2 mikro plitə, 190 p/m böyük bordür, 480 ədəd kubik daşının hörgüsü, 78 m2 suvaq  və 47 m2 ölçüdə hasarlarda dekorativ daşların düzülməsi işləri yerinə yetirilmişdir. Küçənin işıqlandırılmasından ötrü 40 ədəd iki tərəfli müasir işıq dirəkləri quraşdırılmış və 2000 metrə yaxın kabel xətti çəkilmişdir. Küçənin yaşıllaşdırılması məqsədilə əraziyə 570 ədəd feyxoa ağacı, 235 ədəd eldar şamı, 100 ədəd yapon əzgili və 4500 ədəd müxtəlif gül kolları əkilmişdir. Bununla yanaşı Nizami Gəncəvi küçəsində Bayraq meydanı üçün ayrılmış ərazidə 60 metr hündürlükdə bayraq dirəyi quraşdırılmış, tikintialtı sahəsi 420 m2 olan Bayraq muzeyinin binasında tikinti işlərinin demək olar ki, əsas işləri görülmüşdür. Bayraq meydanı üçün sahədə tərtib olunmuş layihə əsasında daş hasarlar ağlay üzlük materialı ilə üzlənmiş, yaşıllıq zolaqları salınmış, ağac və gül kolları əkilmişdir. 1 ədəd fantanın quraşdırılması, 30 ədəd 4 metr hündürlükdə olan işıq dirəklərinin, 80 ədəd park işıqlarının və 8 ədəd gücləndirici işıqların quraşdırılması nəzərdə tutulmuşdur.
Şəhərin N.Gəncəvi küçəsində Asan həyat kompleksinin inşası üçün ayılmış ümumi sahəsi 2.60 ha torpaq sahəsində 4 mərtəbəli inzibati binasının tikintisinə ötən ildə başlanılmışdır. 2016-cı ildə yekunlaşması nəzərdə tutulmuşdur.
       İnşasına 2014-cü ildə başlanmış ümumi ərazisi 0,40 ha olan KTN Masallı rayon İnzibati-laborotoriya binasında inşaat işləri sürətlə davam etdirilir. Bu binanın tikinti işlərinin başa çatması  2016-cı ildə nəzərdə tutulmuşdur.
       Əsası 2015-ci ildə qoyulmuş ümumi sahəsi 0.10 ha ərazidə Mühafizə polis binasının tikinti işləri tamamlanmışdır.
Masallı şəhərində mərkəzi su kanalizasiya xətlərinin “Eser” podratçı şirkəti tərəfindən  quraşdırılması zamanı yerli əhəmiyyətli və məhəllə daxili yollarda qazıntı işləri aparılan zaman bir sıra yollar yararsız hala salınmışdır. Bununla əlaqədar dağılmış küçə və yollar bərpa edilmişdir. Belə ki, şəhərin H.Aslanov, Qurtuluş, Digah, M.Sabir, M.Talışxanov, Ş.Xətai, M.Şəhriyar və R.Abbasov küçələrinə asfalt örtüyü vurulmuşdur.
      Şəhər ərazisində 2013-cü ildə əsasları qoyulmuş Masallı Tarix Diyarşünaslıq muzeyi və Uşaq incəsənət məktəbinin tikintisinin əsas işləri görülmüşdür. Binaların daxilində suvaq, malyar, elektrik və sair işlər görülür. Hər iki binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
   Şəhərin əsas küçələrindən sayılan Qurtuluş küçəsində 1150 metr uzunluqda (2 metrlik) köhnə bordürlər bərpa edilərək yararlı vəziyyətə gətirilmiş və layihə əsasında yenidən düzülmüşdür. Küçə başlanğıc hissədən hər iki  tərəfdən sol və sağ istiqamətdə təxminən 1 metrdən çox genişləndirilmişdir. Küçənin işıqlandırılması üçün 58 ədəd işıq dirəyi quraşdırılmış və 1500 metr kabel xətti çəkilmişdir. Küçədə su və kanalizasiya işləri tamamlandıqdan sonra küçəyə ümumi uzunluğu 1700 metr və eni orta hesabla 10 metr (17000 kv.m) olmaqla  asfalt örtüyü döşənmişdir.
    Şəhərin R.Abbasov küçəsində piyada səkisinin qurulmasına 550 ədəd 1 metrlik beton bordür düzülmüş və səkiyə asfalt örtüyü vurulmuşdur. Bundan başqa küçəyə 17 ədəd işıq dirəkləri də quraşdırılmışdır. Uzunluğu 750 metr eni isə orta hesabla 7 metr olan küçəyə asfalt örtüyü döşənmişdir.
    Viləş çayının şəhərin mərkəzi hissəsində 2015-ci ildə tikintisinə başlanılmış ümumilikdə 7.5 ha ayrılmış torpaq sahəsində hər iki tərəfə 750 metr olmaqla park bulvar kompleksinin salınması işlərində ilkin olaraq mühafizə beton sədlərin 2280 p/m-lik hissəsi yekunlaşmışdır. Bu işlərin tamamlanması isə 2016-ci il dekabr ayında nəzərdə tutulmuşdur.
    Ələt–Astara magistral yolunun Masallı ərazisindən keçən hissədə Seybətin dairəsindən H.Əliyev prospektinə girişdə şəhərin memarlıq görünüşünə xələl gətirən müxtəlif formalı bəzək dəmir konstruksiyalar sökülərək ərazidən götürülmüşdür. Prospektin giriş hissəsində yol zolağını ayırmaq məqsədilə müxtəlif ölçüdə sədlər quraşdırılmışdır. Bundan başqa nəqliyyatların və piyadaların rahat keçidini və təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən ərazidə yeni müasir tipli  4 ədəd rəqəmsal tipli işıqforlar da quraşdırılmışdır.
    Şəhərin Digah küçəsində (keçmiş Ə.Əliyev küçəsi) 4 saylı məktəbin qarşı tərəfindən Ələt-Astara magistral yoluna qədər olan 1450 metr uzunluqda və eni orta hesabla 9 metr olan küçə tam  asfaltlaşdırılmışdır. Küçənin hər iki tərəfinə bordür düzülmüş, içəriləri qum-çınqıl materialları ilə doldurulmuşdur.
    Şəhər küçələrinin su-kanalizasiya xətlərinin çəkilişi də sürətlə davam etdirilir, başa çatması isə bu il üçün nəzərdə tutulmuşdur. Şəhər ərazisində küçələrdə artıq zibillərin təmizlənib daşınması həmçinin parkların, xiyabanlar və su aparıcı kanalların təmizlənməsi və yığışdırılması işləri MKTİB, MİS, Su-kanal idarəsi və şəhər bələdiyyəsinin birgə əlaqəli iş birliyinin səyləri nəticəsində görülür və bu işlər daim nəzarətimizdə saxlanılır.
    Masallı şəhərinin Mənzil İstismar Sahəsi tərəfindən kommunal evlərdə yaşayan əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, Qarabağ küçəsində 12,14,15,22,28 saylı və H.Əliyev prospekti 46 saylı kommunal evlərin dam örtüyü cari təmir edilmiş, Qarabağ küçəsi 26 saylı kommunal ev isə əsaslı təmir edilmişdir.
   Şəhərin Qarabağ küçəsi 11, 13b, 14, 15, 18, 22, 26, 28, 30,  H.Əliyev prospekti  54, 58 və M.Talışxanov küçəsi 78 saylı binaların dam örtüklərinin əsaslı təmirə ehtiyac vardır.
09 iyul 2015-ci il tarixdə Masallı şəhərində Yaponiya hökumətinin ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” Təşkilatçılığı ilə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” ilə reallaşan “Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verilmişdir.
Ötən il ərazimizdə elektrik enerjisi və təbii qazın verilməsində heç bir proboblemlər yaranmamış, əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilmişdir.
“Azərbaycan  Respublikasında dövlət dili haqqında” Qanunun müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu və Masallı rayon icra hakimiyyəti başçısının 03 sentyabr 2012-ci il tarixli 130 saylı sərəncamını əldə rəhbər tutaraq, ərazidə fəaliyyət göstərən bütün növ xidmət sahələrinin adlarında, reklam lövhələrində Azərbaycan dilinin işlədilməsinə ciddi nəzarət edilmişdir.
  2015-ci ildə şəhər ərazisində küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində xidmət obyektlərinin fəaliyyəti rayon Gigiyena və Epidemialogiya Mərkəzinin, rayon Baytarlıq xidmətinin mütəxəsislərinin iştirakı ilə tərəfimizdən daim nəzarət altında saxlanılmışdır. Gündəlik ərazinin təmizliyinə xüsusi diqqət yetirilmişdir. Ərazidə aşkar edilmiş nöqsanların aradan qaldırılmasından ötəri təkliflər verilmiş, sanitar norma və qaydaların tələblərinə əməl etməyən cavabdeh şəxslər barəsində inzibati cərimə protokolları tərtib edilmişdir. Aparılan tədbirlərə baxmayaraq hələ də bu sahədə nöqsanlar mövcuddur.
Hesabat dövrü ərzində qanunsuz tikililərin qarşısının alınması, zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində Masallı rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin əməkdaşları, şəhər bələdiyyəsi ilə birlikdə müntəzəm olaraq işlər aparılmışdır. Ərazidə aparılan tikinti işlərinə nəzarət edilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Qanunsuz tikinti işləri aparan şəxslərə apardığı tikintinin sənədləşdirilməsi üçün rəsmi bildirişlər verilmişdir. Buna əməl etməyən şəxslərin barəsində isə müvafiq aktlar yazılmış və inzibati komissiyaya təqdim edilmişdir.
Uşaq hüquqlarının müdafiəsi, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələlərdən olmuşdur. 2015-ci ildə Masallı şəhər ərazisində bu istiqamətdə əhali arasında maarifləndirmə işləri aparılmış, azyaşlı qızların erkən nigahının qarşısının alınması ilə bağlı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 4 uşaq baxçası yerləşir. Hal-hazırda Z.Əliyev küçəsində əsası 2013-cü ildə qoyulmuş 60 yerlik şəhər 2 saylı uşaq bağçasının tikintisinin əsas işləri  görülmüşdür. Binanın 1-ci və 2-ci mərtəbələrinin daxilində tamamlanma  işləri başa çatmışdır. Baxçanın istifadəyə verilməsi isə 2016-cı ilin birinci rübündə nəzərdə tutulmuşdur. Bundan başqa R.Abbasov küçəsində yeni 100 yerlik uşaq bağçasının tikintisi işləri demək olar ki, başa çatmışdır. Baxçanın həyətində 3 ədəd besedka quraşdırılmış və hal-hazırda binada son tamamlanma işləri görülür. İsgəndərli, Seybətin tam orta məktəblərinin və 1 saylı uşaq baxçasının inzibati binaları standartlara cavab vermədiyindən yeni binalarının tikilməsinə, 4 saylı uşaq baxçasının isə əsaslı təmirə ehtiyacı vardır. Qış mövsümü ilə əlaqədar ərazimizdə yerləşən bu təhsil müəssisələri yanacaqla tam təmin olunmuşdur. 2015-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar  mütəmadi olaraq araşdırma aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış araşdırma zamanı I-IX  siniflərdə dərsə davamiyyətin yaxşı olması, X-XI siniflərdə isə davamiyyətin aşağı səviyyədə olması müəyyən olunmuşdur. Məktəblərdə davamiyyətin yoxlanılması ilə yanaşı yuxarı sinif şagirdlərinə “erkən nigahın acı nəticələri, “zərərli vərdişlər ” devizi altında maarifləndirmə işləri aparılmışdır. Ötən ildə şəhər ümumtəhsil məktəbləri üzrə 366 şagird məzun olmuş, onlardan 163 nəfəri (95 oğlan, 68 qız) ali məktəblərə sənəd vermiş və 110 nəfər imtahanlardan müvəffəqiyyət qazanaraq tələbə adını qazanmışdır.
  2015-ci il ərzində Masallı şəhərində hərbi çağırış yüksək səviyyədə həyata keçirilmişdir. Hərbi xidmət keçmək üçün yaşı düşən hər bir gənc vaxtında hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yola salınmışdır. Yola salma mərasimlərində hər bir gəncin valideynləri, yaxınları, dostları iştirak etmiş və onlar yüksək sevinc hisləri ilə hərbi xidmətə yola salınmışlar.
  Masallı rayonunun kənd təsərrüfatı rayonu olmasına baxmayaraq sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda, o cümlədən şəhər ərazisində sahibkarlıq inkişaf etmiş, bunun nəticəsində sənaye və istehsal müəssisələrinin sayı artmışdır.
Belə ki, ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, “Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu,  müxtəlif çörək və şirniyyat sexləri və digər sexlər yaradılmışdır. Adları sadalanan müəssisələrin yaradılması Masallı şəhərində işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmişdir.
  Ötən il Masallı şəhər ərazisində taxıl əkmiş istehsalçılar iyun, iyul aylarında yüksək səviyyədə, itkisiz biçim işi aparmışlar. Ötən ilin noyabr, dekabr aylarında istehsalçılar 310 ha yaxın sahədə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şumlama işləri aparmışlar. Əkin işi aparılması üçün şumlanmış sahələrdə əsasən taxıl əkilmiş, o cümlədən 230 ha buğda, 22 ha vələmir, 15 ha arpa və qalan sahələrdə isə digər məhsulların əkilməsi nəzərdə tutulmuşdur.
Masallı şəhər inzibati ərazisində uşaq və gənclərin asudə vaxtın səmərəli təşkili məqsədi ilə bir sıra obyektlər tikilmiş və istifadəyə verilmişdir. Belə ki, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Masallı Olimpiya İdman Kompleksinin, Şahmat məktəbinin, Taekvando, Boks Mərkəzlərinin maddi texniki bazasından ötən ildə idmanın, təhsilin inkişafı naminə geniş istifadə olunmuşdur. 2015-ci ildə inzibati ərazimizdə mötəbər idman tədbirləri, o cümlədən müxtəlif idman növləri üzrə rayon birinciliyi, Respublika əhəmiyyətli turnirlər keçirilmişdir. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün şəhər məktəblərinin idman zallarından geniş istifadə olunmuş, Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyində uşaqlar rəqslə məşğul olmuş, mərkəzin 3D kino zalında məktəbəqədər təhsil müəssisələrinin uşaqları üçün Azərbaycan istehsalı olan çizgi filmləri, orta məktəb şagirdlərinə isə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə gənclərə, yeniyetmələrə daim göstərdiyi diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibəti hər bir yeniyetməni, gənci, idmançını, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır.
Hesabat dövründə Masallı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə mütəmadi olaraq əlaqəli işlər aparılmışdır. Belə ki, ərazimizdə baş verən ailə problemləri, qonşu davası, qanunsuz tikintilər, torpaq problemləri və digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, ağsaqqallar, din xadimləri yaxından köməklik göstərmişdir.
2015-ci ilin noyabrın 1-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər keçirilmişdir. "Yerli icra hakimiyyəti haqqında" əsasnamənin, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşdirilməsi, seçkiqabağı seçki məntəqələrinin tam hazır vəziyyətə gətirilməsi və seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsi nöqsansız olaraq yüksək səviyyədə həyata keçirilimişdir. Şəffavlıqla keçən seçki prosesində seçicilər aktiv iştirak etmişdir.
   2016-cı il üçün qarşıya qoyulan bir sıra vəzifələrin icrası durur. Belə ki, mərkəzi su və kanalizasiya xətlərinin çəkilib başa çatdırılması, yararsız vəziyyətdə olan mərkəzi və məhəllə daxili yolların təmir edilməsi, Xətai parkının abadlaşdırılması, kommunal binaların damında yararsız vəziyyətdə olan örtüklərin dəyişilməsi, Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq incəsənət məktəbinin, Z.Əliyeva küçəsində yerləşən uşaq baxçasının istifadəyə verilməsi, Nizami Gəncəvi küçəsində yerləşən Bayraq meydanında, "Asan həyat" kompleksində aparılan tikinti işlərinin başa çatdırılması, Masallı rayon Məhkəməsinin yeni inzibati binasının inşa olunması nəzərdə tutulmuşdur.
Masallılılar bütün dövrlərdə dövlətçiliyə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq olmuşdur. Bu gündə belədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək  Masallılılar bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və daha da çiçəklənməsinə öz layiqli töhvələrini verəcəkdir.
İcazə verin Sizi əmin edim ki, nümayəndəlik bundan sonra da şəhərin sosial problemlərinin həll edilməsinə nail olacaq, Sizin verdiyiniz tapşırıq və sərəncamları vaxtında yerinə yetirəcəkdir.

Keçidlər