Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı boksçusu ölkə birinciliyinin gümüş medalçısıdır

15 mart 2022 | 16:00

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Yeddi gün (8-14 mart) davam edən ölkə birinciliyinə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb.

Bakı Boks Mərkəzində təşkil olunan yarışlarda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Masallı komandasını yarışlarda rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Məktəbinin yeddi boksçusu təmsil edib.

Yalnız 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirələm Məcidli baş məşqçi Elnur Hacıyevin və məşqçi Orxan Cəbiyevin ümidlərini doğruldub. O, həmkarlarından fərqli olaraq yüksək nəticə göstərib. Dörd görüşün üçündə texniki nokautla (tam üstünlüklə), birində isə xal hesabı ilə qələbə qazanan 15 yaşlı boksçu final mərhələsinə yüksəlməyi bacarıb. Yalnız həlledici döyüşdə rinqdən qalib ayrıla bilməyən Mirələm Məcidli birinciliyin gümüş medalına sahiblənib.

Fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Qeyd edək ki, yığmanın heyətinə cəlb olunacaq qalib boksçular beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Keçidlər