31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tarix dərsi
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tarix dərsi keçirildi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “31 Mart- Soyqırım” adlı tarix dərsi keçirildi. Dərsdə Masallı şəhər 1 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Dərs soyqırım qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998- ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi- hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılmasına təkan verdiyini dedi.
Sonra Muzeyin əməkdaşı Dilgüşə Məmmədova ikiyüzil ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi saysız soyqırım və qətliamlar haqqında şagirdlər üçün geniş məruzə etdi. O, 1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan ərazilərdə Bakı Sovetlə daşnak erməni silahlı dəstələrinin birgə azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanması, faciənin qurbanları və bu günə kimi açılmayan həqiqətlərindən danışdı.
Daha sonra adı çəkilən məktəbin tarix müəllimi Sahil Fərzəliyev Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklər tərəfindən geniş qeyd olunub dedi.
Sonunda məktəblilər Muzeydə 31 Mart soyqırımına həsr olunmuş foto sərgi ilə tanış oldular.