31 mart – Azərbaycanlıların Soyqırımı Günü və Ramazan ayının başlanması münasibətilə tədbir
Masallıda 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü və Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib
Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü və Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə QMİ-nin Masallı rayonu üzrə qazısı, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin məsul işçiləri, dini icma sədrləri, din xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə 104 il bundan əvvəl erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə - milli mənsubiyyətinə görə minlərlə soydaşımızın Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə qətlə yetirildiyini, evlərin yandırıldığını, milli arxitektura abidələrinin, məktəblərin, xəstəxanaların, məscidlərin və digər tikililərin dağıdıldığını diqqətə çatdırıblar.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyü vurğulanıb.
Ramazan ayının başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edən natiqlər artıq ikinci ildir ki, bu müqəddəs ayı qalib xalq kimi qeyd etməyimizdən, ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
QMİ-nin Qazılar Şurasının başlanması münasibətilə verdiyi fətvanın əsas müddəaları bir daha din xadimlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edilib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, torpaqlarımzın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin.
Çıxışlar zamanı Ramazan ayında QMİ tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, eləcə də Kütləvi İnformasiya Vasitələrinin məhz QMİ-nin təqviminə istinadının, bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsinin vacibliyi qeyd edilib.
Görüş zamanı din xadimlərinə müəyyən tövsiyələr verilib, tədbir işrtirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.