Masallıda “Şahin” Hərbi- idman oyunu üzrə rayon birinciliyi
Masallıda “Şahin” Hərbi- idman oyunu üzrə rayon birinciliyi keçirilib
06 aprel 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər İ.Əsgərli adına 3 saylı tam məktəbin idman meydançasında masallı rayon tam orta ümumtəhsil məktəbliləri arasında «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi.
Yarışın baş hakimi Camaləddin Məmmədov «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonar, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra çıxış üçün söz, Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevə verildi. Qəşəm Hadıyev öz növbəsində yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzulayaraq bildirdi ki, 44 günlük Vətən Müharibəsi xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad olundu.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov öz çıxışında bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən, çağırışçı gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov və metodisti Əyyar Burhanov çıxış edərək iştrakçıları salamlamış və tədbirin keçirilməsində əsas məqsəd məktəblilərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olduğunu bildirmişlər.
Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.
Təntənəli açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı gizir Urfan Məmmədov, Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Hüseynov «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Masallı rayon təşkilatının sədr müavini I və II Qarabağ müharibəsinin iştrakçısı Camaləddin Məmmədov və digər şəxslər iştirak etdi.
Birincilikdə rayon ərazisində fəaliyyət göstərən tam orta məktəbin komandaları öz qüvvələrini sınadı. Yarışın yekun nəticəsinə görə I yerə S.Hacıyev adına Viləş kənd tam orta məktəbinin komandası, II yerə Ə. Məmmədov Öncəqala kənd tam orta məktəbin komandası, III yerə Şəhər S.Tağıyev adına Digah 4 saylı tam orta məktəbin komandası və S.Xəlilov adına Qızılağac 1 saylı tam orta məktəbin komandası layiq görüldülər.Yarışda fəallığına görə Şəhər 6 saylı tam orta məktəbin komandası , Şəhər İ.Əsgərli adına 3 saylı tam orta məktəbin komandası, Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbinin komandası və Çaxırlı kənd tam orta məktəbin komandası fərqlənmə diplomuna layiq görüldü
Rayon mərhələsinin qalibi olmuş komanda Cəlilabad rayonunda zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı.