Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı

15 aprel 2022 | 16:00

Masallı Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

Aprelin 15-də Masallı Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib. Masallı şəhər Ağsaqqallar Klubundakı yığıncağda rayon Ağsaqqallar Şurasının sədri və şura üzvləri, KİV nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri,  III dərəcəli «Vətənə xidmətə görə» ordenli Ələşrəf Niftiyevin rayon Ağsaqqallar Şurasının 2021-ci ildə aparılan işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Ölkədə ağsaqqallara göstərilən qayğıdan, onların ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açan Ə.Niftiyev deyib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərar və sərəncamların Masallıda da konkret nəticələri sevindiricidir. O, rayon ağsaqqallarının dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, məktəb və digər müəssisələrdə görüşlərini, həmçinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, multikulturalizm və tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunmasında zidd hərəkətlərə qarşı mübarizədə öz xidmətlərini əsirgəmədiklərini bildirib, 44 günlük Vətən müharibəsindəki Qələbəmizin tarixi əhəmiyyətindən danışıb...

Sonra təşkilati məsələlər müzakirə olunub.

Masallı Rayon Ağsaqqallar Şurası mətbuat xidmətinin rəhbəri Akif Ağayevin verdiyi məlumata əsasən çıxışlarda müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində Masallı ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əminlik ifadə olunub, təkliflər səsləndirilib.

Şura üzvlərindən Əyyub Mehdiyev, Ədalət Nemətov, Məmmədəli Əlinağıyev, Meysaba Aslanova, Əlövsət Sadıqov, şəhid atası Rauf Həsənov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov və başqaları Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açıblar. Natiqlər bildiriblər ki, Masallı ağsaqqalları şəhid ailələrinin ilk günlərdən yanlarında olub, onlara hər cür mənəvi dəstək göstəriblər. Qeyd edilib ki, xalqımızın milli-mənəvi dəyərlərində ağsaqqal sözü, xeyir-duası həmişə üstün olub.

İclası yekunlaşdıran Şura sədri Ələşrəf Niftiyev diqqətə çatdırıb ki, bundan sonra da fəaliyyətimizi daha da genişləndirəcək, işimizi qabaqcıl təcrübə səviyyəsində qurmağa çalışacağıq.

Tədbir zamanı şura üzvü, veteran təhsil işçisi Ədalət Nemətov təşkilatın işində fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə rayon ağsaqqallar şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Fəxri fərmanları ilə təltif edilib.

Keçidlər