Xocalı rayonundan olan məcburi köçkünlərlə görüş
15 fevral 2016-cı il tarixdə Masallı rayon Ərkivan qəsəbə uşaq bağçasında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyi və Qadınlar Şurası Xocalı rayonunun işğalının 24-cü ildönümü ərəfəsində Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşmüşdür.
Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Nuranə Əliyeva, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının nümayəndələri Cəlal Əliyev və Şəmşir Kərimov iştirak etmiş və bəşər tarixində Xocalı soyqırımına bənzər hadisənin olmadığını, İllər keçməsinə baxmayaraq o dəhşətli hadisələrin insanların yaddaşından silinməyəcəyini qeyd etmişlər.
Görüş iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinin öz hüquqi statusunu aldığını və mənfur qonşularımızın Azərbaycan xalqına qarşı etdikləri vəhşilikləri dünya miqyasına çatdırmağa nail olduğunu vurğulayaraq ulu öndərin siyasi davamçısı İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını qeyd etmişlər.
Xocalı rayonundan olan məcburi köçkün Yusif Quliyev ölkədə məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan bəhs etmiş, ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulamış, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.
Görüşün sonunda məcburi köçkün ailələrinə yardım göstərilmişdir.