Yeni Azərbaycan Partiyası - 23
YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sədrliyi ilə keçən tədbirdə YAP Masallı rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən ziyalılar və partiya fəalları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev acmışdır.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə ilə çıxış edərək bildirmişdir: “Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nəaliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır”.Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür.
Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSR-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.
Yeni Azərbaycan Partiyasında Ulu Öndər Heydər Əliyev missiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyytinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan, təsadüfi deyil ki, YAP-ın I qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, II qurultayda isə sədrin I müavini seçilmişdir.
2003-cü, 2008-ci və 2013-cü ilin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, nailiyyəti idi.
Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir.
Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında yüz minlərlə vətəndaşımız birləşir. Bu təkcə statistika deyil: Bu həm də vətəndaşlarımızın Azərbaycanın bu günkü reallığına verdiyi qiymət və Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir.
Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Masallı rayon təşkilatında bu gün 101 ərazi ilk partiya təşkilatında 10372 nəfər üzv vardır. Təşkilat üzvlərinin 28.6%-ni yəni 2964 nəfərini qadınlar, təşkilatın 27.4%-i yəni 2841 nəfərini gənclər təşkil edir. Natiq bidirmişdir ki, Yeni Azərbaycan Partiyası bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.
Tədbirdə iştirak edən Prezident təqaüdçüsü, YAP Masallı rayon təşkilatının Şura üzvü Şirvan Əbilov çıxış edərək bildirmişdir: ölkədə ictimai-siyasi prosseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas və aparıcı siyasi qüvvəyə çevrilən siyasi qurum olub.
Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Ulu öndən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas olaraq inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycan günü-gündən tərəqqi və inkişaf yolu ilə irəliləyir.
YAP Masallı rayon təşkilatının Şura üzvü Əfrail Fərziyev çıxış edərək qeyd etmişdir ki, “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Avropada lider dövlətə çevrilib.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi: “YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır.”
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri, partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.