“Xocalı əsrin faciəsidir” mövzusunda tədbir
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına müvafiq olaraq 26 fevral Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunur. 24 fevral 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında təşkilatın Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı əsrin faciəsidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova açmış, faciə qurbanlarının xatirəsini bir dəqidəlik sükutla yad edilmişdir. Gülşən Xəlilova qeyd etmişdir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.
Qadınlar Şurasının üzvü Aybəniz Qafarova çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir.
Gənc YAP üzvü Lalə Seyidzadə öz çıxışında bildirdi ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu Azərbaycan xalqının matəmidir.
Sonra təşkilatın Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Gənclər Birliyinin üzvü Hikmət Talıbov, Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, gənc YAP üzvü Sahib Əmrəliyev və başqaları Xocalı şəhərində törətdilmiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu və Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.