Masallı rayon İcra hakimiyyəti Apellyasiya Şurasının ilk iclası
Masallı rayon İcra hakimiyyətinin inzibati binasında “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində zəruri tədbirlərin görülməsi, həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə apellyasiya şuralarında baxılması prosesinə başlanılması ilə əlaqədar təşkilati hazırlıq işləri barədə Masallı rayon İcra hakimiyyəti başçısı aparatı Apellyasiya Şurasının iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısının müavini, iclasın sədri Seymur Nuriyev məlumat verərək qeyd etdi ki, Ölkədə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03 fevral 2016-cı il tarixli Fərman imzalanmış və Nümunəvi Əsasnamə təsdiq edilmişdir. Bu fərmanın icrasını təmin etmək məqsədi ilə Masallı rayon İcra hakimiyyəti başçısının 08 fevral 2016-cı il tarixli Sərəncamı ilə rayon İcra hakimiyyəti başçısı aparatında Apellyasiya Şurası yaradılmışdır. Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində zəruri tədbirləri görülməsi, həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə apellyasiya şuralarında baxılması prosesinə başlanılması ilə əlaqədar təşkilati hazırlıq işləri görülməlidir.
İclasda çıxış edən Apellyasiya Şurasının üzvü, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, iclasın katibi Seyfəddin Əliyev və başqaları sahibkarlıq sahəsində qanunsuz müdaxilələrin qarşısının alınması, həmçinin pozulmuş hüquqların qorunması və bərpası istiqamətində bundan sonra daha qətiyyətli addımların atılacağını bildirmiş, Masallı rayon İcra hakimiyyətində yaradılmış Apellyasiya Şurasının tərkibi barədə iclas iştirakçılarına məlumat verilmiş və işin Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri orqanlarının Apellyasiya Şuraları haqqında” Əsasnaməyə uyğun qurulmasını xüsusilə vurğulamışlar. Bundan əlavə sahibkarlıq sahəsində mövcud vəziyyətin təhlil olunması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə müzakirələrin aparılmasının vacibliyini qeyd etmiş, həmçinin yaranmış vəziyyətlə əlaqədar sahibkarlar tərəfindən ünvanlanmış müraciətlərin aidiyyəti üzrə yönəldilməsi istiqamətində maarifləndirici tədbirlərin görülməsini bildirmişlər. Həmçinin Apellyasiya Şurası üçün müvafiq kitabların yaradılmasının zəruriliyini qeyd etmiş, elektron sənəd dövriyyəsi sistemində (ESDS) Apellyasiya Şurası üçün xüsusi səhifənin yaradılmasını təklif etmişlər.
Keçirilmiş iclasda Apellyasiya Şurası müzakirələr aparmış və çıxışları dinləyərək “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Nümunəvi Əsasnamənin tətbiqi, elektron sənəd dövriyyəsi sistemində xüsusi səhifənin yaradılması, Apellyasiya Şurasının fəaliyyətinin “Yeni Həyat” qəzetində dərc edilməsi barədə qərarlar qəbul etmişdir.