YAP Masallı rayon təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildi
03 mart 2016-cı il tarixdə YAP Masallı rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova bütün xanımları bayram münasibətilə səmimi qəlbdən təbrik etdi. G.Xəlilova adı tarix boyu uca tutulan Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Qadınlarımızın ölkəmizin inkişafına öz dəyərli töhfələrini verdiyini, beynəlxalq qadın hərəkatında fəal iştirak etdiklərini bildirdi. Sözçü vurğuladı ki, masallılı qadınlar da rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qadınların xidmətlərini gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Natiq bildirdi ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Müasir Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Təşkilatın sədri bir daha qadınları təbrik edərək hamıya möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzuladı.
Tədbirdə iştirak edən Masallı RİHB aparatının məsul işçisi Nuranə Əliyeva, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova, Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan qadını mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış, demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Dövlətimizin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edən çıxışçılar Masallı rayon rəhbərliyinin timsalında bu qayğının əməli nəticələrindən danışdılar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın YAP rayon təşkilatı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.