Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

24 fevral 2013 | 16:00

Fevralın 23-də Masallı Rayon İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Toplantıda qeyd olunmuşdur ki,  Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ötən il il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ötən il rayon üzrə məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 12,2 faiz artaraq 254 milyon manat, adambaşına düşən pul gəlirləri 2 min 67 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 260 manat olmuşdur.
Hesabat ilində  rayonda 428,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu, əvvəlki ilə nisbətən 6,7 faiz çoxdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 28 faiz, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 17 faiz, bitkiçilik məhsullarının istehsalı 38 faiz artmışdır.
Rayonda 8 min 809 hektar sahədən 20 min 385 ton buğda, 2 min 313 hektar sahədən 4 min 823 ton arpa, 2 min 798 hektar  sahədən 76 min 366 ton tərəvəz, 2 min 275 hektar sahədən 30 min 482 ton kartof, 577 hektar sahədən isə 7 min 191 ton bostan məhsulları istehsal edilmişdir.
Bu dövrdə iribuynuzlu mal-qaranın sayı 72 min 905 baş, davarların sayı 79 min 667 baş olmuş, süd istehsalı 45 min 254 tona, ət istehsalı 5 min 485 tona, yumurta istehsalı 52 milyon 440 min ədədə çatdırılmışdır.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Masallı rayonu üçün müəyyən olunmuş 16 tədbirdən 14-ü icra edilmiş, 2 tədbirin icrası istiqamətində işlər isə davam etdirilir.
Hesabat dövründə Dövlət Proqramının icrası istiqəmətində bir sıra sosial layihələr həyata keçirilmişdir.
Rayon mədəniyyət evinin əsaslı təmiri başa çatdırılmış, şəhərin Zərifə Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq, Heydər Əliyev Mərkəzində isə yenidənqurma işləri aparılır.
YAP Masallı rayon təşkilat üçün yeni inzibati binanın, “Qəhrəmanlar” parkının, “Ahıllar evi”nin tikintisində son tamamlama işləri görülür.
Rayonun giriş və çıxış qapılarının tikintisi başa çatdırılmış, şəhərin Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Boks və Taekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi isə davam etdirilir.
Ötən il Bakı-Astara magistral avtomobil yoluna paralel çəkilmiş 17  kilometr uzunluğunda olan Masallı-Mahmudavar-Lənkəran magistral avtomobil yolunun Masallı-Mahmudavar hissəsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.  
Bu il isə rayonun ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən yollar əsaslı təmir ediləcəkdir.
Dövlət Proqramı müvafiq olaraq rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Musaküçə, Gəyəçöl, Həsənli, Təkdam, Məmmədxanlı, Köçəkli, Xırmandalı, Ərəb, Hacıtəpə, Lürən və Pircana kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 3 min 986 abonent təbii qazla təmin edilmişdir.
Hazırda Eminli, Qarğalıq, Kürdəbaz kəndlərinə yeni qaz xəttinin çəkilməsi, Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir.
Bu ilin sonuna qədər daha 28 yaşayış məntəqəsinin təbii qazla təmin olunması nəzərdə tutulmuşdur.
Cari ildə rayonun müxtəlif ərazilərində 56 yeni ATS binası inşa ediləcəkdir.  “Azərsu” ASC-i “Birləşmiş Sukanal” MMC tərəfindən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və yaxın vaxtlarda “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılacaqdır.
2012-ci ildə rayonda 7 yeni məktəb binaları tikilmişdir. Onlardan 5-i - Qodman, Sığıncaq, Ərəb, Köçəkli, Dəmirçi məktəbləri istifadəyə verilmiş, Kosakül və Kəlbəhüseynli məktəblərində isə son tamamlama işləri görülür.
Hazırda Xıl, Öncəqala və Kubin  kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılacaqdır.
Hesabat dövründə rayona 17 min 800 nəfər turist gəlmişdir. Bu, ötən illə müqayisədə 14 faiz çoxdur. Turistlərdən 907 nəfəri xarici ölkə vətəndaşları olmuşdur.
Toplantıda çıxış edənlərdən maliyyə idarəsinin rəisi Azər Abdullayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ağsaqqallar şurasının sədri Cavanşir Əsədov, iş adamı İlkin Şükürov və başqaları 2012-ci ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri Elmira Axundova, Nəriman Əliyev və Fəzail İbrahimli iştirak və çıxış etmişlər.
Sonda rayon icra hakimiyyətinin 1-ci müavini Nadir Abıyevə və iş adamı Hadı İsmayılova cənab Prezidentin sərəncamı ilə medallarla təltif olunduğu medalları təqdim olunmuş, rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir neçə nəfər rayon İcra hakimiyyətinin fəxri fərmanları və pul mükafatları ilə təltif olunmuşlar.
Yığıncaın sonunda iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər