Təzə Alvadı kəndində qanvermə aksiyası keçirildi
11 mart 2016-cı il tarixdə Təzə Alvadı kənd həkim məntəqəsində Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Regional Qan Bankının əməkdaşları tərəfindən növbəti qanvermə aksiyası keçirilmişdir.
Qanvermə aksiyasına səhər saat 10:00-da start verilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı Lənkəran bölməsi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları Şölə Həbibova, Təranə Rəhimova, Sevinc Bəşirzadə, Arzu Camalova və Rəvanə Mirzəyeva tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Bölmənin müdiri Telman Zülfüqarovun verdiyi məlumata görə yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edən donorlar Göyçək Ələsgərova, Günay İbişzadə, Gülşən Məmmədəliyeva, Rövşən Əliyev, Möhsüm Süleymanov və başqaları qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmişlər.