BANBAŞI ƏRAZİSİNDƏ NOVRUZ ŞƏNLİYİ
13 mart 2016-cı il tarixdə Banbaşı ərazisində Novruz şənliyi keçirilmişdir. Şənliyi məktəbin direktoru Abusət Hüseynov açmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş və Novruz bayramı haqqında qısa məlumat vermişdir.
Masallı RİHB-nin Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hörmət Balakişiyev tədbirdə iştirak edənləri bayram münasibəti ilə təbrik etdi, belə möhtəşəm ənənəvi bayram mərasiminin keçirilməsini söylədi və tədbir iştirakçılarını Masallı rayon İcra hakimiyyətinin başçısı adından təbrik edərək Novruzun ümumxalq bayram kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılandığını qeyd etdi. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Novruzun bu gəlişi insanlarda inam hissini və yaradıcılıq şövqünü artırır. Əziz il bayramınız, Novruzunuz mübarək! Qoy gələn illərimiz bundan da sayalı olsun!
Masallı rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi İntiqam Bağırov şənliyin yüksək səviyyədə təşkil edildiyini qeyd etdi və ərazi sakinlərini Novruz bayramı münasibəti ilə təbrik etdi. Milli geyimli oğlan və qızlar Novruz adətləri ilə bəzədilmiş bayram xonçaları, Kosa, Keçəl bugünkü şənliyə xüsusi yaraşıq verir, xoş ovqat bəxş edirdi... Məktəbin halay qrupu, rəqs kollektivi öz yaddaqalan ifaları ilə şənlik iştirakçılarını heyran qoydu. Dədə Qorqud tonqalı alovlandırdı, qızlar şəkərbura, şorçörək yaydılar, körpə fidanlar “Cücələrim” rəqsini ifa etdilər. Məktəbin fəal şagirdi Yavər Məmmədovun oynaq mahnı ifaları dostların ifasında dahi Üzeyir Hacıbəyovun məşhur əsərlərindən parçalar, Vətənə, bahara aid şerlər alqışlarla qarşılandı. Kosanın, Keçəlin zarafatları, faytonda gəzintilər Novruz bayramı şənliyini daha da gözəlləşdirdi. Şənlikdə Banbaşı, Böyük Xocavar və Binə Xocavar kənd sakinləri də iştirak etdilər.
Şənliyin sonunda kənd sakinlərindən Sevda Məmmədova, Mahir Əliyev və başqaları çıxış edərək, belə bayram tədbirlərinin hər bir ərazidə keçirilməsini xalqın rifah halının bayram əhvalında olması ilə əlaqələndirdilər və buna görə ölkə başçısının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının respublikamızın hər bir bölgəsinə yüksək diqqət və qayğısı kimi qiymətləndirdilər.